Rəqəmsallıq bizə yarımadı - Xəstəxanalardakı növbəyə TƏBİB-dən CAVAB

 15:09 08.10.2026     226

Bloqer Gülnar Nəsibli paylaşım edib ki, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya İnstitutunda sistemin işləməməsi ucbatından saatlarla uzanan növbə yaranıb:

“Artıq ikinci gündür ki, TƏBİB-in sistemi işləmir. Travmalı insanlar saatlarla növbədə gözləməli olur. Ağrı içində gözləyən xəstələrin əsəbləri tarıma çəkilir. Vətəndaşlar bu qədər əziyyət çəkməməlidir. Qaytarın reyestr, kağız dövrünü, rəqəmsallıq bizə yarımadı...”

Bəs sistem nə vaxt düzələcək?

Mövzu ilə bağlı Redaktor.az-ın sorğusuna TƏBİB-dən bildirildi ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində istifadə edilən informasiya sistemlərinin fəaliyyətində müvəqqəti fasilələr müşahidə olunur:

"Fasilələrin səbəbi şəbəkə və kibertəhlükəsizlik həlləri ilə əlaqəlidir. İnformasiya sistemlərinin fəaliyyətində fasilə yarandığı müddətdə vətəndaşlara göstərilən tibbi xidmətlərin davamlılığının təmini məqsədilə qeydiyyat prosesi alternativ qaydada həyata keçirilir. Hazırda texniki problemin aradan qaldırılması istiqamətində aidiyyəti istehsalçı şirkətin yerli və beynəlxalq mütəxəssisləri tərəfindən zəruri tədbirlər görülür. Vətəndaşlara göstərilən tibbi xidmətlərin fasiləsizliyinin təmin olunması diqqətdə saxlanılır. Yaranmış müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən