Bakıda sıxlıq, regionlarda boş kəndlər: Problemin həlli necə mümkündür?

 17:39 08.10.2026     94

Ölkədə əhalinin paytaxtda cəmləşməsi son illərin əsas sosial-iqtisadi məsələlərindən biri olaraq qalır. Xüsusilə regionlarda iş imkanlarının məhdud olması, gəlir gətirən sahələrin kifayət qədər inkişaf etməməsi və gənclər üçün karyera imkanlarının azlığı insanların Bakıya üz tutmasına səbəb olan amillər sırasında göstərilir. Nəticədə bölgələrdə əmək qabiliyyətli əhalinin azalması, paytaxtda isə əhali sıxlığının artması müşahidə olunur. Bakıda əhalinin sayının artması şəhərin nəqliyyat sisteminə də əlavə yük yaradır. Regionlarda yeni iş yerlərinin yaradılması, sahibkarlığın və yerli istehsalın inkişaf etdirilməsi insanların öz doğma rayon və kəndlərində qalmasına, yaxud Bakıya köçmək ehtiyacının azalmasına imkan verə bilər.

Bəs regionların sosial-iqtisadi inkişafının təşviqi üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında iqtisadçı alim, istiqlalçı deputat Vahid Əhmədov bildirdi ki, bu, çox ciddi məsələdir:

"Ümumiyyətlə, böyük bir mövzudur. Çünki bu məsələ uzun müddətdir müzakirə olunur. O vaxt Milli Məclisdə mən də bu məsələləri qaldırmışam. Düzdür, regionların iqtisadi inkişafı ilə əlaqədar 4 dövlət proqramı qəbul edilib. Müəyyən infrastruktur layihələri, yolların çəkilməsi, işıq və su məsələləri müəyyən qədər həll olunub, amma tam başa çatdırılmayıb. Əsas məsələ isə bu deyil. Əsas məsələ yerlərdə iş yerlərinin açılmasıdır. Məhz regionlarda iş yerlərinin olmaması əhalinin Bakıya axınını gücləndirir. Hətta artıq dağ rayonlarında kəndlərin əksəriyyəti boşalmaq ərəfəsindədir, yəni boşalırlar. Əhali daha çox şəhər mərkəzlərinə, rayon mərkəzlərinə köçüb gəlir. Çünki orada yaşamaq mümkün deyil, iş yerləri yoxdur. İş yerlərinin olmaması ciddi məsələdir. Mən bir neçə dəfə öz fikrimi bildirmişəm. Azərbaycanda 14 iqtisadi rayon var. Hər bir iqtisadi rayonda iş yerlərinin açılması ilə əlaqədar hökumət xüsusi proqram qəbul etməlidir. Belə ümumi yox, konkret proqram olmalıdır. Məsələn, Şimal bölgəsində, yəni Şimal iqtisadi rayonunda neçə min iş yerinin hansı kəndlərdə, hansı rayon mərkəzlərində açılacağı konkret göstərilməlidir. Buna rəhbərlik edən şəxslər də konkret bilinməlidir.

Bu istiqamətdə çox ciddi addımlar atılmalıdır. Yoxsa belə bir vəziyyət davam edərsə, fikir verirsinizsə, Bakıda ümumiyyətlə həm avtomobillərlə əlaqədar çox ciddi tıxaclar, sıxlıqlar var, həm də əhali iş yeri axtarmaq üçün yalnız Bakıya, müəyyən qədər Sumqayıta və müəyyən qədər də Gəncə şəhərinə axın edir. Çünki əsas iş yerləri, əsas müəssisələr, fabriklər demək olar ki, bu üç şəhərdə cəmləşib. Bu, çox ciddi məsələdir. İkincisi, dövlət başçısı cənab İlham Əliyev hər bir rayona icra başçısı təyin edəndə onların qarşısında məqsəd qoyur və vəzifələrini müəyyənləşdirir. Onlara deyir ki, əsas vəzifəniz rayona investisiya gətirməkdir. Çox təəssüf ki, mən hələ heç bir rayonda rayon icra başçısının investisiya gətirməsi halına rastlaşmamışam.

İnvestisiya gəlməzsə, rayonda iş yerləri açılmazsa, əlbəttə, bu problemi həll etmək mümkün olmayacaq və şəhərə axın davam edəcək. Ona görə də mən dediyim kimi, 14 iqtisadi rayonun hər biri üçün xüsusi proqram olmalıdır. Hər bir rayon, hər bir kənd, hər bir qəsəbə və hər bir şəhər üzrə konkret tədbirlər müəyyənləşdirilməlidir. Onda məsələləri müəyyən qədər həll etmək olar. Özü də hər bir rayonun öz spesifikası var. Kənd təsərrüfatı rayonları var, sənaye rayonları var, meyvə-tərəvəz istehsalı ilə məşğul olan rayonlar var və s. Baxmaq lazımdır ki, həmin rayonun təbiətinə uyğun olaraq hansı məhsulu daha çox istehsal etmək, hansı kənd təsərrüfatı və ya sənaye müəssisəsini yaratmaq mümkündürsə, onu həyata keçirmək lazımdır".

Qarabağda yeni iş yerlərinin açılması məsələsindən danışan deputat Elman Məmmədov isə bildirdi ki, Qarabağa qayıdış özü də sanki yeni bir köçdür:

"28 ildən, 30 ildən, 34-35 ildən sonra olan bir köçdür, doğma yurd-yuvaya qayıdışdır. Təbii ki, burada eyni zamanda kifayət qədər iş yerləri yaratmaq çətindir. Bunların hamısı tədricən olur. Qayıdışa qədər, yəni insanların qayıdışına qədər də orada iş yerləri yaradılıb. Qarabağda, bütün bölgələrdə, Ağdamda da, Xocalıda da, Xocavənddə də, Laçında, Şuşada, Cəbrayılda, Xankəndidə, hamısında iş yerləri yaradılıb. Ancaq kifayət qədər deyil. Kifayət qədər iş yerinin yaradılması vaxt, zaman tələb edir. Zamana ehtiyac var. Bu iş yerlərinin hamısını birdən yaratmaq mümkün deyil. Məsələn, bir zavod tikiləcək, bir fabrik tikiləcək və ya başqa sahibkar bir iş quracaqsa, bunu birdən-birə həyata keçirmək mümkün deyil. Vaxt məsələsi var, zamana ehtiyac var. Vaxt keçdikcə işsizlik də azalacaq, işlə təminat artacaq. Hazırda Ağdam rayonunun, şəhərin özünün və üç kəndinin qayıdış prosesi davam edir. Kəndlərdə də, Ağdam şəhərinin özündə də iş yerlərinin sayı günü-gündən artır. Məsələn, Ağdamda hazırda sənaye parkının müəyyən hissəsi istifadəyə verilib, xeyli iş yeri var, gələcəkdə daha çox olacaq. Xocalı rayonunun özündə də, bəli, yəqin siz də izlədiniz, cənab Prezidentimiz bu yaxın vaxtlarda Xocalı şəhərinin özündə bir tikiş fabrikinin açılışını etdi. Bunlar müəyyən qədər iş yerləridir.

Xocalının xeyli kəndində qayıdış prosesi gedir. İndi bunları mən saya da bilərəm. Xanyurdudur, Ballıcadır, Daşbulaqdır, Bədərədir, Seyidbəylidir, Xanabaddır, Pirlərdir, Təzəbinədir, Şuşakənddir, Xocalı şəhərinin özüdür. Burada qayıdış prosesi davam edir və qayıtdıqca insanların işlə təminatı məsələsi də həll olunur. Dövlət strukturlarında işləyənlər var, müəyyən xidmət sahəsində işləyənlər var, kənd təsərrüfatı ilə məşğul olanlar var. İndi müəyyən sahibkarlarımız var ki, orada kənd təsərrüfatı məhsulları istehsal etməyə başlayıblar və təbii ki, burada işçi qüvvəsinə tələbat yaranır. İnsanlarımız da orada işlə təmin olunur. Daşbulaq kəndi ərazisində, məsələn, yəqin siz baxmısınız, Çindən gətirilmiş tut tingləri əkilib və baramaçılıq sahəsi yaradılıb. Xeyli adam işlə təmin olunub. Bundan başqa, kənd yerlərində əhalinin özünün həyətyanı sahəsi var. Əhali özü də mal-qara saxlamağa başlayıb. İri və xırdabuynuzlu heyvanlar saxlayırlar, kənd təsərrüfatı ilə məşğul olurlar, torpaq icarəyə götürürlər. Yəni bu məsələlər tədricən həll olunur. Yaxın gələcəkdə də tam həllini tapacaq. Əgər biz fikirləşsək ki, birdən-birə hamı işlə təmin olunacaq, hamı üçün iş yeri olacaq, təbii ki, bu da düzgün olmaz. İndi, deyək ki, Bakı şəhəri, Sumqayıt şəhəri, Gəncə şəhəri, digər şəhərlərimiz və rayon mərkəzləri – bunların hamısında əhali işlə tam təmin olunubmu? Xeyr, tam təmin olunmayıb. İşsizlik az da olsa mövcuddur".

Millət vəkili vurğuladı ki, indi bu yeni qayıdışla da bağlı dövlət bütün infrastrukturu yaradır:

"Yollar çəkilir, elektrik enerjisi, qaz, su və rabitə təminatı yaradılır, məktəblər, uşaq bağçaları, həkim məntəqələri tikilir. Bu yaxınlarda Xankəndidə xəstəxana istifadəyə verildi, yaxın vaxtlarda Xocalıda da xəstəxana istifadəyə veriləcək. Bununla yanaşı, iş yerlərinin də sayı günü-gündən artır və əhalimiz işlə təmin olunur. İlk vaxtlarda bu çətinliklər var və olacaq. Ancaq hesab edirəm ki, zamanla bunlar da həllini tapacaq. İndi deyirsiniz ki, bunun həll yolları nədən ibarətdir? Təbii ki, dövlət başçımız bunun həll yollarını bizdən yaxşı bilir, tədbirlər görür, tapşırıqlar verir. Hamımız televiziya proqramlarında, sizin vasitənizlə görürük, oxuyuruq, baxırıq ki, işğaldan azad olunmuş ərazilərimizdə bu illər ərzində cənab Prezidentimiz nə qədər səfərlər edib. Hər səfərində də səfər etdiyi yerdə yeni iş yerlərinin, yeni sahələrin təməli qoyulur, bir müddət sonra açılışları olur. Bunların hamısı əhalinin işlə təminatı üçündür. Yeni iş yerlərinin yaradılması üçün də, təbii ki, kənd rayonlarında kənd təsərrüfatının inkişafına ciddi fikir verməliyik. Elə dünən, oktyabrın 7-də Milli Məclisdə geniş bir ictimai dinləmə oldu və burada aqrar sahə haqqında qanun müzakirə olundu. Mən də iştirak edirdim, orada işğaldan azad olunmuş ərazilərlə bağlı fikirlərimi, o cümlədən iş yerlərinin yaradılması ilə bağlı təkliflərimi səsləndirdim. Təbii ki, hökumət üzvləri də orada iştirak edirdi. Dövlətimizin məqsədi və çalışdığı əsas məsələ odur ki, doğma yurd-yuvasına qayıdan insanlar işlə təmin olunsun və orada əbədi olaraq yaşasınlar".

NURİYYƏ

Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə "regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusunda dərc olunub.

Vumart və Güvən reklamı Vumart Güvən