“Böyüklərin aqresiyasının qurbanı uşaqlar olmamalıdır” - AÇIQLAMA

 19:49 14.10.2026     213

Nazirlər Kabinetinin məktəbli forması ilə bağlı məlum qərarından sonra hicabla bağlı etirazlar fonunda ölkədə bir sıra gərgin hadisələr baş verib. Bəzi məktəblərə hücum edilməsi, təhsil müəssisələrinin daşlanması və şagirdlərin də bu hadisələr zamanı xəsarət alması narahatlıq doğurur. Xarici təsirlər altında bəzi şəxslərin hicab məsələsindən bəhanə kimi istifadə edərək ölkədə qarışıqlıq yaratmağa çalışdığı, təəssüf ki, bu prosesə şagirdlərin də cəlb edildiyi ilə bağlı narahatlıqlar səsləndirilir. Belə hadisələr isə ilk növbədə uşaqların təhlükəsizliyinə və psixoloji vəziyyətinə mənfi təsir göstərir. Bəs bu cür qarşıdurmalar uşaqlarda hansı psixoloji fəsadlara yol aça bilər? Məktəblərdə təhlükəsizliklə bağlı yaranan narahatlıq onların psixoloji durumuna, məktəbə və təhsil mühitinə münasibətinə necə təsir edir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirdi ki, böyüklər arasındakı aqressiya və yaranan gərginlik uşaqlara çox pis təsir edir:

“Onsuz da hər kəs narahatdır, uşaqlar da bu narahatlığı yaşayırlar. Ümumiyyətlə, psixoloq olaraq mən həmişə uşaqları problemli situasiyalardan qorumağı məsləhət görürəm. Nə baş verməsindən asılı olmayaraq, böyüklərin problemləri uşaqların üzərinə qoyulmamalı, onlar bu problemlərlə bağlı qarşıdurmanın tərəfinə çevrilməməlidirlər. Mən hər zaman bu mövqeyi müdafiə etmişəm. Təəssüf ki, son hadisələr göstərir ki, uşaqlar çox narahat olur, həm fiziki, həm də mənəvi xəsarət alırlar. Belə hallara, əlbəttə ki, yol vermək olmaz”.

Psixoloq çağırış edərək bildirdi ki, hər hansı narazılıq, etiraz və ya narahatlıq varsa, bununla bağlı aidiyyəti orqanlara ərizə və ya müraciət formasında şikayət etmək mümkündür:

“Aqressiya, dava və bu cür problemli situasiyalar məsələni həll etmir, əksinə, daha travmatik vəziyyət yaradır. Uşaq psixologiyası yaş dövrlərinə görə fərqli xüsusiyyətlərə malikdir. Altı yaşa qədər uşaqlar emosional təsirlərə daha həssas ola bilərlər. Altı yaşdan 12 yaşa qədər baş verən hadisələr də onların yaddaşında dərin iz buraxa bilər. Yeniyetməlik dövründə yaşanan gərginliklər və travmatik hadisələr isə insanın yaddaşında uzun müddət qala bilər”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən