Gənclər daha çox hansı kitabları oxuyur? - “Əli və Nino”nun rəhbəri AÇIQLADI

 19:00 21.10.2026     42

Bakıda keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edən kitab şəbəkələrindən biri də “Əli və Nino”dur.

Redaktor.az sərgi çərçivəsində “Əli və Nino” kitab şəbəkəsinin sahibi Nigar Köçərli ilə söhbətləşib.

Köçərli şəbəkədə satılan kitabların dilləri və oxucuların seçimləri barədə danışarkən Azərbaycan dilində nəşrlərə marağın artmasının vacibliyini vurğuladı:

“Bizim şəbəkəmizdə dörd dildə kitab var: Azərbaycan, rus, ingilis və türk dillərində. Təəssüf ki, kitabların əksəriyyəti məhz rus dilində satılır. Təbii ki, bizim dövlət dilimiz Azərbaycan dilidir və yaxşı olardı ki, məhz Azərbaycan dilində olan kitablar daha çox satılsın. Amma indi vəziyyət belədir ki, rusdilli oxucular daha çox kitab alırlar. Mən bunu deyəndə insanlarda həmişə qıcıq yaranır, amma fakt budur ki, vəziyyət belədir.

Bununla belə, Azərbaycan dilində oxuyanların sayının getdikcə artdığını da deyə bilərik. Təbii ki, bir neçə ildən sonra Azərbaycan dilində oxuyanlar əksəriyyət təşkil edəcəklər. Amma hələlik vəziyyət belədir”.

Nigar Köçərli kitab şəbəkəsində müxtəlif janrlarda nəşrlərin təqdim olunduğunu da diqqətə çatdırdı:

“Bizim şəbəkədə müxtəlif janrlarda kitablar var. Uşaqlar və böyüklər üçün nəşrlər, bədii və qeyri-bədii ədəbiyyat, tarix, detektiv və digər janrlarda kitablar təqdim olunur.

Şəbəkə sahibi gənclərin daha çox üstünlük verdiyi janrlar barədə də danışdı. Onun sözlərinə görə, sevgi romanları ilə yanaşı, psixologiya və özünüinkişaf mövzusunda olan kitablara da maraq böyükdür:

“Gənclər təbii ki, sevgi romanlarını çox sevirlər. Eyni zamanda, psixologiya janrı da çox populyardır. Özünüinkişaf və psixologiya mövzusunda olan kitabları çox sevirlər.

Mütaliəyə maraq, təəssüf ki, hələ də ürəkaçan deyil. Mən çox istərdim ki, Azərbaycanda kitaba hörmət və diqqət daha da artsın, insanlar mütaliəni gündəlik həyatlarının bir hissəsinə çevirsinlər. Amma təəssüf ki, hələlik vəziyyət belə deyil”.

Nigar Köçərli kitab oxuyanların sayının azlığının kitaba olan ümumi marağa da təsir göstərdiyini bildirdi. O, sərginin əhəmiyyətini vurğulamaqla yanaşı, kitab bazarında mövcud problemlərə də diqqət çəkdi:

“Bir tərəfdən baxırsan ki, sərgi çox gözəl təşkil olunub. Mədəniyyət Nazirliyi sağ olsun ki, böyük sərgi təşkil edir. Burada insanların sayı çoxdur, məktəblərdən, universitetlərdən və digər yerlərdən gəlirlər. Bu, çox yaxşıdır. Belə tədbirlər çox vacibdir.

Amma sonradan yenidən öz kitab mağazalarımıza və nəşrlərimizə qayıdırıq və görürük ki, vəziyyət hələ də yaxşı deyil. Yenə deyirəm, əsas problem oxucuların sayının az olmasıdır.

İkinci dərəcəli problem isə kitabların qiymətinin yüksək olmasıdır. Kitabın orta qiyməti 10 manatdırsa, maaşlar da, məsələn, 500–600 manat civarındadırsa, təbii ki, insanlar kitab almaqdansa, ərzaq məhsullarına üstünlük verəcəklər. Amma kitabın qiyməti də məhz oxucu qıtlığı ilə bağlıdır. Daha çox insan kitab oxusa, qiymətlər də aşağı düşər”.

Aytəkin TOFİQQIZI

2
Vumart və Güvən reklamı Vumart Güvən