Kiməsə borc verirsinizsə, bu səhvi etməyin - Vəkildən xəbərdarlıq

 21:18 21.10.2026     66

"Adətən biz borcu ən etibar etdiyimiz şəxslərə veririk. Buna görə də özümüzü sığortalamağı lazım bilmirik. Elə məhkəmədə bir çox borc mübahisələri belə yaranır. Bir də baxırıq ki, aylar keçir, illər keçir və borc verdiyimiz, etibar etdiyimiz şəxs deyir ki, heç sən mənə borc verməmisən. Təbii ki, ağlımıza gələn ilk iş məhkəməyə müraciət etmək olur".

Redaktor.az xəbər verir ki, bu barədə vəkil Adilə Paşayeva öz sosial media hesabında paylaşımında danışıb.

Vəkil borc verərkən bəzi problemlərin yaranmaması üçün bir neçə kiçik məsləhətlər verib:

"Əvvəla, yəqin ki, bir çoxlarınız bilirsiniz ki, fiziki şəxs tərəfindən 3000 manatdan çox borc verdikdə həmin müqaviləni qanunda nəzərdə tutulan qaydada rəsmiləşdirmək lazımdır. Yəni sadə dildə desək, yazılı müqavilə bağlamaq. Bu ən optimal yoldur. Amma çox təəssüf ki, real həyatda bunu hər zaman həyata keçirmək mümkün olmur".

O qeyd edib ki, qanunda yazılı müqavilə tələbi olsa da, borc verənin xeyrinə başqa hallar da nəzərə alınır:

"Buna borcalanın etirafı, "WhatsApp" yazışmaları, telefon danışıqları, ödəniş qəbzləri və sair daxildir. Məsələn, birinə borc verirsinizsə, çalışın ki, onunla bu borcun məbləği, şərtləri, ödəniş qaydası barədə "WhatsApp"da ətraflı danışasınız və həmin yazışmanı mütləq saxlayın. Telefon vasitəsilə danışarkən səs yazılarından da istifadə etmək olar. Bu məbləği kart vasitəsilə göndərib köçürmə sənədini saxlayın. Bu sübutları məhkəmənin hazırlıq iclasında məhkəməyə təqdim edib, mütləq işinizə yarıyacaq".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən