Sovet binaları, yoxsa indiki binalar? - Ekspert AÇIQLADI

 18:46 22.10.2026     59

Bir çox vətəndaş ev alarkən sovet dövründə tikilmiş binalara üstünlük verir və onların daha möhkəm, keyfiyyətli olduğunu düşünür. Hətta ev seçərkən “sovetin binasıdır” ifadəsini xüsusi üstünlük kimi qeyd edirlər.

Bəs sovet dövründə tikilən binaların daha möhkəm və etibarlı olması fikri nə dərəcədə doğrudur? Bu, real tikinti keyfiyyətinə əsaslanan yanaşmadır, yoxsa zamanla formalaşmış bir mifdir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun sözlərinə görə, belə bir yanaşma var ki, sovet dövründə tikilən binaların inşası zamanı normativlərə ciddi əməl olunub, konstruktiv elementlər diqqətlə seçilib, tikinti materiallarının keyfiyyətinə xüsusi diqqət yetirilib:

"Bu parametrləri nəzərə alsaq, həmin binaların öz dövrünün standartlarına uyğun şəkildə inşa edildiyini demək olar. Ancaq vətəndaşlar bir məqamı nəzərə almırlar: hər bir konstruktiv elementin, tikinti materialının və görülmüş işin müəyyən istismar müddəti var. Yəni hər hansı elementin nə qədər müddət yararlı hesab olunduğu əvvəlcədən müəyyən edilir. Həmin müddət başa çatdıqdan sonra isə onun yararlılığı azalır və təhlükəsizlik baxımından risklər yaranır. Sovet dövründə tikilmiş binaların əksəriyyətində artıq həmin müddət arxada qalıb və istismar müddəti başa çatıb. Bu müddət bitdikdən sonra nə qədər yüksək səviyyəli texniki və tikinti işləri həyata keçirilsə də, həmin binalar əvvəlki effektivliyini tam qoruya bilmir. Bünövrədən tutmuş polad armatur çubuqlarına qədər konstruktiv elementlər uzun müddət istismar olunduğuna görə təhlükə yarada bilər".

Müsahibimiz diqqətə çatdırdı ki, yeni binaların tikilməsi daha məqsədəuyğundur.

"Ancaq bunun üçün əsas şərt həmin binaların normativ və standartlara uyğun inşa edilməsidir. Yeni binaların istismar müddəti tikildikləri andan başlayır və bu, insanların həmin binalarda uzun illər, ən azı 50-60 il təhlükəsiz yaşaması üçün imkan yarada bilər. Sovet binaları isə artıq uzun istismar dövrünü geridə qoyub. Bundan sonra baş verə biləcək hər hansı təbii fəlakət həmin binalarda yaşayan vətəndaşların təhlükəsizliyini risk altına sala bilər.

Bu baxımdan, sovet binalarına üstünlük verilməsini düzgün yanaşma hesab etmirəm. Bəli, tikinti keyfiyyətinə görə həmin binalar öz dövründə premium tikililər hesab oluna bilərdi. Lakin uzun müddət istismar olunduqlarını nəzərə alsaq, bu gün onların təhlükəsizliyi məsələsinə daha ciddi yanaşmaq lazımdır", - deyə V.Oruc vurğuladı.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən