Deputatın təklifinə ekoloqdan münasibət: "Əhali də oxuya bilsin"

 20:00 22.10.2026     53

Milli Məclisin ötən həftə keçirilən plenar iclasında deputat Nigar Məmmədova mühüm məsələlərdən birinin sosial-iqtisadi yanaşmanın tətbiqi və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərinin rəsmi internet resursunda yerləşdirilməsi olduğunu bildirib. O, həmçinin bu məlumatların vətəndaşlara sadə, aydın və anlaşılan formada təqdim olunmasını təklif edib.

Təklifi Redaktor.az-a şərh edən ekoloq Sadiq Həsənov qeyd etdi ki, ətraf mühitə təsirin qiymətləndirilməsi geniş və mürəkkəb prosesdir.

“Bu zaman bütün ekoloji aspektlər qiymətləndirilir. Həyata keçirilən fəaliyyətin xarakteri, bu prosesdə resurslardan, təbii sərvətlərdən, su və torpaq ehtiyatlarından, eləcə də havadan necə istifadə olunduğu araşdırılır. Həmin fəaliyyətin nəticəsində ətraf mühitə göstərilən təsir qiymətləndirilir. Yəni proses zamanı ətraf mühitə hansı təsirlərin yarandığı müəyyənləşdirilir. Bu, mütəxəssis sənədidir”.

Onun sözlərinə görə, ətraf mühitə təsirlə bağlı bütün aspektlər qiymətləndirildikdən sonra ictimaiyyətə məlumat verilir. Bildirilir ki, hansı fəaliyyət həyata keçiriləcək, hansı işlər görüləcək, bu zaman torpaqdan, sudan və havadan necə istifadə olunacaq və ətraf mühitə təsir hansı səviyyədə olacaq.

Sadiq Həsənov bu məlumatların sadə və aydın dildə təqdim edilməsinin asan olmadığını vurğuladı:

“Bu sənədlərin sadə və aydın formada hazırlanması o qədər də asan məsələ deyil. Təklif yaxşıdır ki, məlumatlar sadələşdirilsin və internet resurslarında yerləşdirilsin ki, əhali də onları oxuya bilsin.

Məsələn, dağ-mədən işlərini götürək. Bu zaman sianiddən istifadə olunur və bunun üçün xüsusi su hövzələri yaradılır. Suyun həmin hövzələrdən sızmaması üçün müəyyən tədbirlər görülür. Hövzələrin dibində sızmanın qarşısını almaq məqsədilə xüsusi bərkidici örtüklərdən, bəzi hallarda isə plastik materiallardan istifadə olunur.

Bu prosesdə hansı maddədən və hansı miqdarda istifadə edildiyi, işlərin hansı ərazini əhatə etdiyi, eləcə də çaylara və göllərə mümkün təsirlər qiymətləndirilir. Bu, böyük və mürəkkəb bir prosesdir.

Əslində, təklif və ideya yaxşıdır. Əhalinin maariflənməsi üçün məlumatların qısa və aydın şəkildə çatdırılması faydalı olar”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən