Bakıda avtobus biabırçılığı: Qapı bağlanmır, sərnişinlər yolda qalır - "BakuBus" və AYNA niyə susur?

 16:59 23.10.2026     133

Bakıda marşrut avtobuslarının texniki vəziyyəti ilə bağlı problemlər sərnişinlərin narazılığına səbəb olmaqda davam edir. Nasaz qapılar, yolda yaranan texniki problemlər və sərnişinlərin yarıyolda başqa avtobus gözləməyə məcbur edilməsi ictimai nəqliyyatda xidmət keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Bəs avtobusların texniki sazlığına kim nəzarət edir və bu cür nasazlıqların qarşısı niyə vaxtında alınmır?

Bu gün səhər saatlarında Maştağadan “Gənclik” metrosu istiqamətində hərəkət edən M8 nömrəli marşrut avtobusunda baş verənlər də həmin sualları yenidən gündəmə gətirib. Sərnişinlərdən birinin Redaktor.az-a verdiyi məlumata görə, avtobusun orta qapısı açıldıqdan sonra bağlanmayıb və yalnız dəfələrlə cəhd edildikdən sonra qapanıb. Nəticədə sərnişinlər avtobusdan arxa qapı vasitəsilə düşməli olublar.

Sərnişinlərin bildirklərinə görə, qapıdakı nasazlıq artıq üç gündür davam edir. Buna baxmayaraq, problem aradan qaldırılmayıb. Üstəlik, sürücü "Nərimanov" metrosuna çatmamış bir dayanacaq əvvəl sərnişinlərə avtobusdan düşərək digər nəqliyyat vasitəsini gözləməyi məsləhət görüb. Beləliklə, sərnişinlər həm texniki nasazlıqla üzləşib, həm də gedəcəkləri ünvana vaxtında çatmaqla bağlı çətinliklə üz-üzə qalıblar.

Avtobusun nasaz qapı ilə üç gün ərzində xəttə buraxılması barədə iddia xüsusilə ciddi suallar doğurur. Əgər problem həqiqətən də bu müddət ərzində mövcud olubsa, nəqliyyat vasitəsi niyə təmir edilməyib və texniki vəziyyətinə kim nəzarət edib? Sərnişinlər niyə hər gün istifadə etdikləri ictimai nəqliyyatda belə problemlərlə üzləşməli, vaxt itirməli və yarıyolda başqa avtobus gözləməyə məcbur olmalıdırlar?

Redaktor.az məsələ ilə bağlı əvvəlcə “BakuBus” MMC-yə, daha sonra isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb. Lakin material hazırlanarkən ünvanlanan suallara cavab verilməyib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən