İcbari tibbi sığorta sahəsində idarəetmə dəyişir: Baş nazir 18 qərara düzəliş etdi
Azərbaycanda əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə əlaqədar bir sıra normativ hüquqi aktlara dəyişiklik edilib. Dəyişikliklər dövlət qurumlarının səlahiyyətlərinə, komissiyaların tərkibinə, elektron informasiya sistemləri arasında məlumat mübadiləsinə və müxtəlif sahələrdə tətbiq olunan qaydalara aiddir.
Redaktor.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun imzaladığı 23 oktyabr 2026-cı il tarixli qərarda qeyd olunub.
Qərar Prezidentin 19 mart 2026-cı il tarixli, 631 nömrəli “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilib.
Sənədə əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin adı bir sıra normativ hüquqi aktlardan çıxarılır. Eyni zamanda, bəzi sənədlərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadlar əlavə edilir.
Dəyişikliklərin bir hissəsi tibbi-sosial ekspertiza sahəsində fəaliyyət göstərən qurumun adının yenilənməsi ilə bağlıdır. Belə ki, əvvəlki sənədlərdə işlədilən “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya” ifadəsi “Dövlət Tibbi Sığorta və Ekspertiza” ifadəsi ilə əvəz olunur.
Hərbi xidmət, tibbi ekspertiza və dövlət komissiyaları ilə bağlı dəyişikliklər
Qərarla hərbi-həkim ekspertizası, müddətli həqiqi hərbi xidmətə çağırış, hərbi əməliyyatlar zamanı xəsarət alan hərbi qulluqçuların tibbi-sosial ekspertizası və müharibə iştirakçılarına psixoloji yardım göstərilməsi ilə bağlı normativ sənədlərə də düzəlişlər edilir.
Bir sıra komissiyaların tərkibində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təmsilçiliyinə dair müddəalar ləğv olunur. Həmçinin Mərkəzi Çağırış Komissiyasının tərkibinə dair sənəddə müvafiq dəyişiklik nəzərdə tutulur.
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində zərər çəkən şəxslərin peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyənləşdirilməsi ilə bağlı qaydalarda da qurumun adı yenilənir.
COVID-19 pandemiyası ilə bağlı qərarlara da düzəliş edilib
Dəyişikliklər koronavirus pandemiyası dövründə qəbul edilmiş bir sıra qərarları da əhatə edir. Bunlara tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin müəyyən edilməsi, pandemiya ilə mübarizə tədbirləri, hava nəqliyyatı ilə sərnişin daşımaları, təhsil müəssisələrində tədrisin təşkili və COVID-19 sertifikatlarının tanınması ilə bağlı sənədlər daxildir.
Həmin aktlarda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə dair istinadlar çıxarılır və ya müvafiq hallarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadlarla əvəz edilir.
Bununla yanaşı, doğum və ölüm faktlarını təsdiq edən sənədlər, vətəndaşların dəfni ilə bağlı məlumatların elektron informasiya sistemləri vasitəsilə ötürülməsi, eləcə də dövlət qurumlarının vahid indekslərinin müəyyənləşdirilməsi ilə bağlı sənədlərə də dəyişiklik olunur.
Qərarda erkən evliliyin və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə qaydalarına da düzəliş nəzərdə tutulur.
Ümumilikdə, sənədin məzmunu dövlət idarəçiliyində aparılan dəyişikliklərin müxtəlif sahələr üzrə normativ hüquqi aktlarda əks etdirilməsinə yönəlib.
T. İSMAYIL












