Bu şəxslərin aylıq vəzifə maaşları müəyyənləşdirildi - Baş nazirdən QƏRAR
Azərbaycanda əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üzrə siyahıyaalma qrupunun işçilərinin aylıq vəzifə maaşları müəyyənləşdirilib.
Redaktor.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı qərar qəbul edib. Baş nazir Əli Əsədovun oktyabrın 26-da imzaladığı 356 nömrəli qərarla siyahıyaalma qrupunun işçilərinin aylıq vəzifə maaşlarının cədvəli təsdiqlənib.
Qərara əsasən, siyahıyaalma qrupunun rəhbərinin aylıq vəzifə maaşı Dövlət Statistika Komitəsi Aparatının təminedici şöbə müdirinin, rəhbərin müavininin maaşı isə həmin şöbə müdirinin müavininin aylıq vəzifə maaşının 70 faizi səviyyəsində müəyyən edilib.
Rayon və şəhər statistika idarələri (şöbələri) üçün siyahıyaalma qrupunun nümayəndələrinin aylıq vəzifə maaşı müvafiq statistika idarəsinin (şöbəsinin) rəisinin aylıq vəzifə maaşının 70 faizi qədər olacaq.
İnformasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssislərin maaşı Dövlət Statistika Komitəsi Aparatının təminedici sektor müdirinin, baş iqtisadçıların maaşı baş məsləhətçinin, aparıcı iqtisadçıların maaşı aparıcı məsləhətçinin, iqtisadçıların maaşı isə məsləhətçinin aylıq vəzifə maaşının 70 faizi səviyyəsində müəyyənləşdirilib.
Qeyd olunub ki, maaşlar hesablanarkən müvafiq dövlət qulluğu vəzifələri üzrə qanunvericiliklə müəyyən edilmiş baza aylıq vəzifə maaşları, yəni birinci ödəniş pilləsi əsas götürüləcək.
T.İSMAYIL












