“Biganə qaldığımız hər şey övladlarımızın qarşısına çıxacaq” - Psixoloq məktəbdəki insidentdən DANIŞDI
Xəbər verdiyimiz kimi, dünən Bakı şəhəri, Yasamal rayonu 225 nömrəli tam orta məktəbdə şagirdin həyatını itirməsi ilə nəticələnən faciədən sonra baş verənləri işıqlandırmaq istəyən jurnalistlər 9-11-ci sinif şagirdləri tərəfindən hücuma məruz qalıblar.
Bəs uşaqlarda və yeniyetmələrdə bu cür aqressiyanın yaranmasına hansı amillər səbəb olur? Yeniyetməlik dövründə aqressiv davranışlar nümayiş etdirən gənclərin gələcəkdə ailə münasibətlərində də zorakılığa meyilli olması ehtimalı nə dərəcədədir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirdi ki, uşaqlarda aqressiya ailədə, məktəbdə və sosial mühitdə formalaşan davranış modelləri ilə birbaşa bağlıdır:
"Zorakılığın normallaşdırılması, məsuliyyətsizliyə göz yumulması və başqalarının hüquqlarına hörmətsizlik aqressiyanı gücləndirir. Uşağın davranışına vaxtında müdaxilə edilmədikdə, o, aqressiyanı güc nümayişi, zorakılığı isə problemi həll etmək vasitəsi kimi qəbul edir. Bu, təkcə fərdi deyil, həm də ciddi ictimai və psixoloji problemdir".
Psixoloq qeyd etdi ki, aqressiv davranış yeniyetməlik dövründə düzəldilmədikdə, gələcəkdə ailədaxili münasibətlərdə də zorakılıq şəklində özünü göstərir:
"Çünki insan münasibət qurmağı, münaqişəni həll etməyi və öz davranışına nəzarət etməyi öyrənir. Zorakılığı normal hesab edən insan sağlam münasibət qura bilmir. Belə davranışa yalnız qınaqla deyil, konkret müdaxilə və məsuliyyətlə yanaşılmalıdır.
Həmişə deyirdim ki, biganə qaldığımız hər şey və hər kəs bizim qarşımıza çıxmasa da, övladlarımızın qarşısına çıxacaq. Artıq qarşımızdadırlar. İctimai qınaq olmalıdır, valideyn məsuliyyəti tələb edilməlidir. Hüquqi düşüncə formalaşmalıdır. Psixologiya zorakılığın səbəbini izah edir, ona bəraət qazandırmır. Psixologiyanın sərhədi qanuna qədərdir".
Xədicə BAXIŞLI













