Apteklərdə dərmanın adını deyirsən, başqa preparat təklif edirlər - Adil Qeybulladan AÇIQLAMA
Son vaxtlar apteklərdə dərman almaq istəyən vətəndaşlar fərqli vəziyyətlərlə qarşılaşırlar. Belə ki, alıcı konkret bir dərmanın adını soruşduqda əczaçılar bəzən həmin preparatın özünü deyil, eyni tərkibə malik başqa dərmanı təklif edirlər. Bu isə vətəndaşlarda həmin dərmanların təsiri, keyfiyyəti və istifadəsinin təhlükəsizliyi ilə bağlı suallar yaradır.
Apteklərdə konkret dərman əvəzinə eyni tərkibli başqa preparatın təklif olunmasının səbəbi nədir? Bu, dərmanın aptekdə olmaması, yoxsa başqa amillərlə bağlıdır?
Mövzu ilə bağlı Redaktor.az-a danışan tibbi ekspert, tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, bu problem uzun müddətdir cəmiyyətdə qınanılan və hədəf seçilən həkimlərin dərman firmaları ilə əməkdaşlığı məsələsindən qaynaqlanır:
"Belə ki, Səhiyyə Nazirliyi məcburən belə bir qərar verdi ki, reseptlərdə dərmanların kimyəvi tərkibi yazılsın, lakin ticarət adı qeyd olunmasın. Guya bu, həkimlərin dərman firmaları ilə əməkdaşlığının qarşısını almaq üçün nəzərdə tutulan bir tədbir idi. Qeyd edim ki, bütün həkimlər firmalarla əməkdaşlıq etmirdi. İkinci tərəfdən, dərmanları ölkəyə firmalar gətirir. Yəni biz dərman istehsal etmirik. Bu, absurd bir vəziyyət idi və həmin vəziyyətdən çıxış yolu kimi belə bir qərar verildi. Amma bu qərar başqa bir nöqsana yol açdı. Belə ki, apteklər bundan sui-istifadə etməyə başladılar, firmalar isə apteklərlə sövdələşmələr apardılar".
Müsahibimizin sözlərinə görə, hazırda ayrı-ayrı apteklər müxtəlif firmaların dərmanlarını təbliğ edir və xəstələrə də bildirirlər ki, reseptdə yazılan dərman yoxdur, amma eyni kimyəvi tərkibə malik başqa dərman var:
"Problem də məhz bundan ibarətdir. Düzdür, bunların hamısı birmənalı şəkildə belə deyil. Səmimi olaraq qeyd edim ki, bəzən həqiqətən həmin dərman olmur və onun analoqu təklif edilir. Amma bu cür faktlar da var. Məsələ məhz bundan gedir. Ona görə də həkim dərman preparatı təyin edərkən ölkəyə gətirilən preparatın konkret ticarət adını da qeyd etməlidir. Dərman ticarət adı ilə satılmalıdır ki, apteklərdə belə tendensiyalar yaranmasın. Həkimlər arasındakı məsələlərə gəlincə, klinik protokollar tətbiq edildikdən sonra, demək olar ki, bu kimi hallara da artıq yer qalmayacaq. Sadəcə olaraq, məsələlərə sivil formada yanaşıldıqda onların həlli mümkün olur".
A.Qeybulla vurğuladı ki, bu məsələlər Azərbaycan sayağı formada həll ediləndə belə kənarlaşmalar və deformasiyalar baş alıb gedir.
Xədicə BAXIŞLI













