Ailə üzvünün kredit gecikməsi sizin kredit almağınıza mane ola bilər? - AÇIQLAMA
Bir vətəndaş sosial şəbəkə hesabında paylaşım edərək atasının kredit götürmək istəyinə bank tərəfindən imtina cavabı verildiyini bildirib. Onun sözlərinə görə, buna səbəb özünün kredit ödənişlərində gecikməsinin olmasıdır.
Bəs ailə üzvlərindən birinin kredit borcunu gecikdirməsi digər ailə üzvünün kredit götürməsinə mane ola bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında bank eksperti Emin Kərimov bildirdi ki, qanunvericilikdə belə bir hal nəzərdə tutulmur:

"Amma bankdaxili qaydalarda, xüsusilə satış siyasətində belə bir nüans ola bilər. Məsələn, birinci dərəcəli ailə üzvünün kredit üzrə gecikmələri varsa, həmin borcun ödənilməsini stimullaşdırmaq məqsədilə digər ailə üzvünə kredit verilməsindən imtina edilə bilər. Təcrübədə belə hallara rast gəlinir. Bu, bankın öz satış strategiyasından və yanaşmasından asılıdır. Qanunvericilikdə belə bir tələb yoxdur. Ümumiyyətlə, hər bir şəxs bank məhsul və xidmətlərindən sərbəst istifadə etmək hüququna malikdir. Sadəcə, bankdaxili prosedurlarda belə bir məhdudiyyət nəzərdə tutulubsa, həmin bank çərçivəsində tətbiq oluna bilər".
NURİYYƏ













