Gənclər uşaq məsuliyyətindən qaçır, sərbəst həyata üstünlük verir - AÇIQLAMA
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 10 il ərzində doğulan uşaqların sayı 70 min azalıb. 2015-ci ildə ölkədə 166 min 210, 2025-ci ildə isə cəmi 95 min 875 körpə doğulub.
Bəs niyə ailələr dünyaya uşaq gətirməkdən bu qədər çəkinirlər?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev bildirdi ki, bu, əslində, qlobal tendensiyadır:
"Demək olar ki, əksər ölkələrdə oxşar proseslər gedir. Bu, təkcə Azərbaycan üçün xarakterik deyil. Bununla belə, Azərbaycan tarixən çoxuşaqlı ailə modeli ilə seçilib. Əsas məsələ isə odur ki, artıq bir neçə ildir ölkəmizdə demoqrafik ləngimə, təbii artımın azalması müşahidə olunur. Sizin də qeyd etdiyiniz kimi, bu tendensiya 10 ildən artıqdır davam edir. Məsələn, 2022-ci ildə yeni doğulanların sayı 122 min olduğu halda, 2023-cü ildə 112 minə, 2024-cü ildə isə təxminən 90-95 minə düşüb.
Beləliklə, bu tendensiya hər il özünü göstərir. Əgər proses bu şəkildə davam edirsə, yəqin ki, hökumət tərəfindən demoqrafik diaqnostik qiymətləndirmə aparılır. Biz bilirik ki, bu istiqamətdə müəyyən işlər görülür. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin son hesabatında yeni doğulanların sayının azalması davam edərsə, birinci sinfə gedən şagirdlərin sayının azalması fonunda 50 minə yaxın müəllim ştatının ixtisar oluna biləcəyi bildirilib. Bu məsələ artıq hesabatda da öz əksini tapıb. Hətta sosial xidmətlə bağlı dövlət proqramının preambulasında qeyd olunur ki, ölkədə son 20 il ərzində əhali cəmi 26,4 faiz artdığı halda, ahılların sayı 99,4 faiz artıb".
.jpg)
Onun sözlərinə görə, bu, daha çox insanların düşüncəsində baş verən dəyişikliklərlə əlaqədardır:
"Dediyim kimi, əvvəllər, hətta sovet dövründən əvvəl və sovet hakimiyyəti illərində Azərbaycanda çoxuşaqlı ailə modeli geniş yayılmışdı. Müstəqillik əldə etdikdən, dünya ilə əlaqələr genişləndikdən sonra insanlar Avropa və digər Qərb ölkələrində fərqli ailə modelinin mövcud olduğunu gördülər. Həmin ölkələrdə çoxuşaqlı ailədən daha çox az sayda uşağın dünyaya gətirilməsi və onların keyfiyyətli böyüdülməsi düşüncəsi üstünlük təşkil edirdi. Azərbaycanlılar da xarici ölkələrlə əlaqələrin və informasiya mübadiləsinin genişlənməsi nəticəsində bu həyat tərzinə meyil göstərməyə başladılar. Ailə planlaşdırmasında bir, iki, ən yaxşı halda isə üç uşağa üstünlük verildi.
Hətta bu gün Avropa ölkələrində müşahidə olunan uşaqsız ailə modeli (childfree) yanaşması Azərbaycanda da özünü göstərməyə başlayıb. Bəli, qeyd etdiyim kimi, indiki nəsil daha çox uşaq və ailə qayğısı çəkmək istəmir, daha sərbəst və fərdi həyat yaşamağa üstünlük verir. Eyni zamanda, uşaq və ailə məsuliyyəti gənclərdə müəyyən narahatlıq yaradır. Yeri gəlmişkən, boşanmaların artması ilə bağlı statistik göstəricilər də gənclərin ailə qurmağa həvəssiz yanaşmasına səbəb olur. Onlar düşünürlər ki, özləri də boşana bilərlər. Beləliklə, insanlar daha qayğısız, fərdi və komfortlu həyat yaşamaq istəyirlər".
Sosioloq həmçinin bildirdi ki, qlobal müharibələr, təhlükələr və münaqişə ocaqlarının sayının artması da insanları narahat edir. Müsahibimizin sözlərinə görə, insanlar hazırda daha rahat, sakit və fərdi həyat yaşamağa üstünlük verirlər.
"Bütün bunlar, şübhəsiz ki, ölkənin demoqrafik göstəricilərinə də təsir edir. Nəticədə təbii artımda ləngimə müşahidə olunur. Bu proses orta perspektivdə mexaniki artımın, yəni ölkəyə miqrant axınının təşviq edilməsinə səbəb ola bilər. Bu isə bizi Avropa ölkələrinin üzləşdiyi miqrasiya təzyiqi ilə orta perspektivdə qarşı-qarşıya qoya bilər. Eyni zamanda, gələcəkdə səfərbərliklə bağlı problemlər yarana, genofondun qorunması və əmək bazarı baxımından çətinliklər meydana çıxa bilər. Bütün bunların qarşısını almaq üçün, yəqin ki, hökumət tərəfindən demoqrafik qiymətləndirmə aparılacaq. Bu qiymətləndirmədən sonra demoqrafik təşviq alətlərindən istifadə oluna bilər.
Məsələn, yeni doğulan uşaqların adına hesab açılaraq həmin hesaba müəyyən məbləğdə vəsait köçürülə bilər. Bu vəsait depozit şəklində saxlanıla, qiymətli kağızlar bazarına və digər sahələrə yönəldilə bilər. Uşaq yetkinlik yaşına çatdıqdan sonra öz adına açılmış hesabdakı vəsaitdən istifadə edə bilər. Bu cür mexanizmdən yararlanmaq mümkündür. Digər tərəfdən, parlamentdə çoxuşaqlı ailələrlə bağlı müəyyən müzakirələr aparılır. Deyəsən, beş və daha çox uşağı olan ailələrə verilən imtiyazların üçuşaqlı ailələrə də şamil edilməsi məsələsi müzakirə olunur. Belə olarsa, gənc ailələr üç uşaqlı olmağa daha çox üstünlük verə bilərlər. Çünki üç uşaqlı ailələr də çoxuşaqlı ailələr üçün nəzərdə tutulan imtiyazlardan yararlana bilərlər. Həmçinin uşaqlara görə sosial müavinətlərin bərpası və ya diferensial sosial müavinətlərin tətbiqi də nəzərdən keçirilə bilər", - deyə o, nəzərə çatdırdı.
Ü.Şəfiyev Türkiyədə tətbiq olunan təcrübədən yararlanmaq mümkün olduğunu dedi. Sosioloq qeyd etdi ki, orada imkansız gənclərin toy xərclərini bələdiyyələr və dövlət qurumları öz üzərinə götürür.
"Bu nümunədən Azərbaycanda da istifadə oluna bilər. Gənclərin mənzillə təminatı məsələsi də diqqətdə saxlanılmalıdır. Düzdür, Azərbaycanda güzəştli mənzil fondu mövcuddur, ancaq bu imkanlar gənclərin və gənc ailələrin məhdud kateqoriyasını əhatə edir. Ola bilər ki, həmin kateqoriyanın əhatə dairəsi genişləndirilsin. Regionlarda yaşayan gənclərə torpaq sahələri ayrılması, həmin ərazilərdə ev tikərək məskunlaşmaları üçün faizsiz və ya güzəştli kreditlərin verilməsi də mümkün variantlardandır. Gənclərin məşğulluğu məsələsi də ciddi əhəmiyyət daşıyır. Ölkə üzrə işsizlik səviyyəsi 5,2 faiz olduğu halda, gənclər arasında bu göstərici 8,2 faizdir. Buna görə də gənclərin məşğulluğu ilə bağlı xüsusi tədbirlərin görülməsi vacibdir. Bir çox hallarda gənclər təhsil və karyera qurmaq məqsədilə xarici ölkələrə üz tuturlar. Ölkədə təhsilin keyfiyyətini artırmaq, yeni iş imkanları yaratmaq, gənclərin yaş xüsusiyyətlərinə və maraqlarına uyğun regionlarda məşğulluq sahələri formalaşdırmaq, eyni zamanda yüksək gəlirli və cəlbedici iş yerləri açmaqla onların xaricə axınının qarşısını müəyyən qədər almaq mümkündür. Bununla da demoqrafik artıma müsbət təsir göstərilə bilər.
Gənclərin ölkədə qalması üçün əlavə tədbirlər də görülməlidir. Bu da demoqrafik artıma müsbət təsir göstərə bilər. Eyni zamanda, gənclər arasında ailə dəyərləri təşviq edilməlidir ki, onlar ailə qurmaqdan çəkinməsinlər. Çünki bu gün gənclər ünsiyyət ehtiyaclarını daha çox sosial şəbəkələr vasitəsilə qarşılamağa çalışırlar. Sosial şəbəkələr, məsələn, Çində müşahidə olunan “lonely” sindromuna bənzər tənhalıq hissinin gənclər arasında yayılmasına səbəb ola bilər. Bunun qarşısını almaq üçün sosial mediada, sosial şəbəkələrdə və mətbuatda ailə dəyərlərini, ailə institutunu təşviq edən sosial çarxlardan və maarifləndirici materiallardan istifadə etmək olar", - deyə sosioloq yekunlaşdırdı.
NURİYYƏ













