Vəfat edən işləməyən şəxslərin ailəsinə dəfn pulu ödənilsin - TƏKLİF
"Müavinət ödənişlərində gələn il kəskin artımlar olacaq. Uşağın anadan olmasına görə məbləğ 39 milyon 970 min manatdan gələn il 84 milyon 10 min manata, 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar ödəniş 10 milyon manatdan 21.4 milyon, dəfn üçün nəzərdə tutulan məbləğ isə 37.6 milyon manatdan 50.5 milyon manata çatdırılacaq".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında sosial büdcə zərfinin müzakirəsi zamanı millət vəkili Vüqar Bayramov deyib.
O qeyd edib ki, dəfn müavinətləri ödənişlərinin işləməyən şəxslər də dünyasını dəyişəndə ödənilməsi məqsədəuyğun olardı:
"Mövcud qaydalara əsasən, dövlət qulluqçularına ömürlük, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə verilən müavinətlərdən biri təyin edilmiş, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan, sığortaolunan şəxslər və əmək pensiyaçıları vəfat etdikdə dəfn pulu ödənilir. Amma işləməyən şəxs dünyasını dəyişən zaman onun ailəsinin bu dəstəyə ehtiyacı daha çox olur. Ona görə həmin ailələrə bu hallarda müavinətin ödənilməsi arzuolunandır. 2025-ci ildə Azərbaycanda dünyasını dəyişənlərin ümumi sayı 33 806 nəfər olub. Onların 62,6 faizi isə 65 və yuxarı yaşda olub, deməli əksəriyyəti pensiyaçı olublar. Göründüyü kimi, bu əlavə ciddi izafi xərc yaratmayacaq".













