Bakıda mənzil bazarında qiymətlər şişirdilib - Ekspertdən AÇIQLAMA

 17:22 05.11.2026     24

Bakıda mənzil bazarında qiymət artımı davam edir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin məlumatına görə, 2026-cı ilin oktyabr ayında paytaxtda yeni tikili mənzillərin orta qiyməti 14%, köhnə tikililərin qiyməti 10,8%, fərdi yaşayış evlərinin qiyməti isə 13,2% artıb. Ən böyük bahalaşma Səbail və Yasamal rayonlarında qeydə alınıb. Bu isə mənzil bazarında qiymət artımının səbəbləri və gələcək tendensiyalarla bağlı suallar yaradır.

Bakıda mənzil qiymətlərinin qısa müddətdə bu qədər artmasına əsas səbəblər hansılardır? Qiymət artımında real tələbat nə dərəcədə rol oynayır, yoxsa burada tikinti xərcləri və bazardakı qiymət siyasəti daha böyük təsirə malikdir?

Redaktor.az-a danışan əmlak eksperti Elnur Azadov bildirdi ki, şəhərin əsas hissəsində, mərkəzə yaxın ərazilərdə daşınmaz əmlak, xüsusilə torpaq sahələri demək olar ki, yoxdur:

"Alternativ daşınmaz əmlak təklifləri, o cümlədən kommersiya obyektləri də olduqca azdır. Təklifin məhdud olması isə həmin ərazilərdə qiymət artımını sürətləndirir. Daşınmaz əmlakın müxtəlif növləri var: mənzillər, fərdi evlər, kommersiya və istehsalat obyektləri, torpaq sahələri və s. Bu istiqamətdə araşdırma aparsaq, görərik ki, şəhər mərkəzində kommersiya obyektlərinə tələbat daim yüksəkdir və qiymətlər davamlı olaraq artır. Eyni vəziyyət şəhər mərkəzinə bitişik ərazilərdə də müşahidə olunur. Söhbət əsasən Yasamal, Səbail və Nəsimi rayonlarından gedir. Bu ərazilərdə tələbat daha yüksək olduğundan qiymət artımı da daha çoxdur".

Müsahibimiz qeyd etdi ki, tələbat aşağıdır və qiymətlər şişirdilib:

"Hesab edirəm ki, ölkə iqtisadiyyatının mövcud vəziyyətini nəzərə alsaq, daşınmaz əmlakın hazırkı qiymətləri bazarın real tələbatına uyğun deyil. Şəxsən düşünürəm ki, burada ciddi qiymət şişirdilməsi var. Buna baxmayaraq, az sayda da olsa, mənzillər satılır. Çünki bəzi hallarda investisiya məqsədilə vəsait tapılır, bəzi insanlar isə mənzillərini sataraq yaşayış şəraitlərini yaxşılaşdırmağa çalışırlar. Məhz bu səbəblərdən qiymət artımı tendensiyası davam edir".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən