Qonşunun kamerası mənzilinizin girişini çəkirsə, nə edə bilərsiniz? - Vəkildən AÇIQLAMA
"Kameraların quraşdırılması məsələsi cəmiyyətdə maraqla qarşılanan məsələlərdəndir. İctimaiyyət üçün açıq olan küçələrdə, otellərdə, klinikalarda, ticarət mərkəzlərində, restoranlarda və ümumi istifadə sahələrində təhlükəsizlik kameralarının quraşdırılmasına müəyyən şərtlər daxilində yol verilir. Lakin bu, istənilən şəxsin başqa bir şəxsi onun xəbəri olmadan istənilən yerdə kameraya çəkmək hüququna malik olması demək deyil. Məsələn, qapalı ictimai yerlərdə videomüşahidə aparılırsa, insanlar bu barədə məlumatlandırılmalıdır. Bu, əsas tələblərdən biridir".
Redaktor.az xəbər verir ki, bu haqda vəkil Adilə Paşayeva öz sosial media hesabında danışıb.

O qeyd edib ki, qonşunun quraşdırdığı kamera sizin mənzilinizin girişini də çəkirsə, burada vəziyyət bir qədər fərqlidir:
"Qonşunun öz təhlükəsizliyini təmin etmək hüququ var. Lakin bu hüquq sizin şəxsi həyatınızın toxunulmazlığı və fərdi məlumatlarınızın qorunması hüququnu pozmamalıdır. Kameranın hansı ərazini əhatə etməsi, çəkilişin məqsədi və əldə olunan görüntülərdən hansı məqsədlə istifadə olunması hüquqi baxımdan mühüm əhəmiyyət daşıyır. Əgər kamera vasitəsilə şəxsi həyatınıza qanunsuz müdaxilə edilir və fərdi məlumatlarınız qanunsuz şəkildə əldə olunursa, hüquqlarınızın müdafiəsini tələb edə, həmçinin məhkəməyə müraciət edə bilərsiniz. Unutmaq olmaz ki, təhlükəsizlik məqsədilə kamera quraşdırmaq hüququ başqalarının şəxsi həyatına müdaxilə etmək üçün məhdudiyyətsiz səlahiyyət vermir".
Xədicə BAXIŞLI













