“10 gündür əlaqə saxlaya bilmirik” - "Baku Electronics"dən ŞİKAYƏT

 12:28 12.11.2026     58

"Baku Electronics" mağazalar şəbəkəsindən məişət texnikası alan vətəndaş məhsulun çatdırılması və quraşdırılması ilə bağlı problemlə üzləşdiyini iddia edir. Onun sözlərinə görə, mağazadan paltaryuyan alsalar da, çatdırılma xidmətinin keyfiyyəti və sonrakı əlaqə imkanları ilə bağlı ciddi çətinliklər yaşayırlar.

Redaktor.az xəbər verir ki, vətəndaş bu barədə sosial şəbəkədə paylaşım edib.

Vətəndaşın şikayətinə görə, noyabrın 1-də "Baku Electronics"in Yasamal filialından paltaryuyan alıblar. Məhsul bazar günü mənzillərinə çatdırılıb. Lakin alıcının diqqətini çəkən məqam texnikanın qablaşdırılması olub.

“Paltaryuyanı adətən qutunun içərisində gətirirlər. Bizə isə məhsulu sellofan torbada çatdırdılar. Açığı, bunun vitrin məhsulu olduğunu düşündük. Çünki yeni alınan texnikanın belə formada gətirilməsi bizdə suallar yaratdı”, – deyə şikayətçi bildirib.

Onun sözlərinə görə, mağazada məhsulun çatdırılması və quraşdırılması ilə bağlı əlaqə nömrəsi verilsə də, həmin gündən etibarən heç cür əlaqə saxlamaq mümkün olmayıb:

“Mağazada bizə çatdırılma və quraşdırılma üçün nömrə verdilər. Lakin məhsulu aldığımız gündən həmin nömrəyə zəng çatmır. "WhatsApp" nömrələrinə yazırıq, cavab verən yoxdur. 143 nömrəsinə də zəng vurmaq mümkün deyil. Bir sözlə, heç bir kanalla əlaqə yarada bilmirik”.

Şikayətçi şirkətin rəsmi saytındakı onlayn müraciət xidmətindən də narazıdır. O qeyd edib ki, burada əməkdaşlarla əlaqə saxlamaq üçün uzun müddət növbə gözləməli olurlar:

“Saytlarında əməkdaşlarla danışmaq üçün uzun növbələrdə gözləyirik. Nəhayət, sıra bizə çatanda belə, cavab vermirlər. Daha sonra müraciətimizin yaradıldığını bildirirlər. Ancaq məsələ bununla da bitmir. Deyirlər ki, bu məsələyə biz baxmırıq, sorğunuz yaradılıb, aidiyyəti üzrə baxılacaq. 10 gündür əlaqə saxlamağa çalışıram, amma sorğu cəmi 1-2 gündür yaradılıb. Zəng edən əməkdaş isə zəngə cavab versə də, danışmır. Saytda danışdığımız digər əməkdaş da bildirir ki, bu məsələ onlara aid deyil, ustaya müraciətlə bağlı sorğudur”.

Şikayətçi yaranmış vəziyyətə aydınlıq gətirilməsini, məhsulun hansı səbəbdən qutusuz, sellofan torbada çatdırıldığının izah olunmasını və quraşdırılma xidmətinin təmin edilməsini istəyir.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

NURİYYƏ

2
Vumart və Güvən reklamı Vumart Güvən