Bazarlarda yaş qoz adı ilə nə satılır? - Ekspertdən qaraciyər üçün təhlükə xəbərdarlığı

 13:42 12.11.2026     41

"Noyabr ayında bazarlarda hələ də yaş qoz adı altında satılan məhsullar, çox güman ki, sentyabr-oktyabr aylarında yığılaraq xüsusi soyuducu anbarlarda 0-2 dərəcə temperaturda və yüksək rütubət şəraitində saxlanılan qozlardır".

Bunu Redaktor.az-a mövsümündən xeyli keçməsinə baxmayaraq, hələ də satılan yaş qozlardan danışan qida eksperti Asim Vəliyev bildirdi.

Onun sözlərinə görə, yaş qozun tərkibində suyun miqdarı çox yüksək olur:

"Adi şəraitdə cəmi 1-2 həftə ərzində tez xarab olmağa və kiflənməyə başlayır. Mövsümündən xeyli sonra satışa çıxarılan bu qozlar piştaxtaya qoyulduqdan və otaq temperaturuna düşdükdən sonra tərkibindəki rütubət səbəbindən keyfiyyətini və təravətini çox sürətlə itirir. Ləpəsi və qabığı qaralır, dadı isə acılaşmağa başlayır.

Sağlamlıq baxımından ən böyük risk rütubətli qozda gözlə görünməyən kif göbələklərinin çoxalmasıdır. Bu göbələklər aflatoksin adlanan təhlükəli toksinlər ifraz edir. Aflatoksinlər yüksək temperatura davamlıdır və qaraciyər üçün ciddi zəhərlənmə riski yaradır".

Noyabr ayında yaş qoz alarkən onun üzərində kif əlamətlərinin və rütubət qoxusunun olmamasına xüsusi diqqət yetirilməlidir".

Asim Vəliyev yaş qozun saxlanma qaydalarına da diqqət çəkdi:

"Əgər qozun ləpəsində qaralma, yumşalma və ya acılıq hiss olunursa, onu qətiyyən istifadə etməməliyik. Yaş qoz aldıqdan sonra onu mütləq soyuducuda saxlamalı və qısa müddətdə istifadə etməliyik".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən