Nazirlər Kabineti bu vətəndaşlara kommunal güzəştlərlə bağlı təsnifat irəli sürüb - Deputat AÇIQLADI

 13:27 12.11.2026     194

Milli Məclisin komitə sədri Zahid Oruc dağlıq və sərhəd kəndlərində yaşayan ailələr üçün kommunal güzəştlərin tətbiqini təklif edib. O bildirib ki, sərt iqlim şəraitində yerləşən kəndlərdə qaz və elektrik enerjisi üzrə istehlak limitləri ləğv edilməli, əhali üçün güzəştli tariflər müəyyənləşdirilməlidir. Millət vəkili həmçinin həmin ərazilərdə çalışan müəllim və həkimlərə əlavə ödəniş əmsallarının tətbiqini təklif edib.

Bəs bu təklifin reallaşdırılması üçün hansı addımlar atılmalıdır? Dağlıq və sərhəd kəndlərində yaşayan əhalinin sosial yükünün azaldılması üçün kommunal güzəştlərlə yanaşı, hansı əlavə dəstək mexanizmlərinə ehtiyac var?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında deputat Vüqar Bayramov bildirdi ki, kommunal xidmətlərlə bağlı diferensial yanaşma bir neçə dəfə təklif kimi irəli sürülüb və müzakirə olunub:

"Təbii ki, belə bir yanaşma, əsasən, dağlıq ərazilərdə yaşayan vətəndaşlarımızın kommunal xərclərinin azaldılması baxımından vacibdir. Çünki elə rayonlarımız var ki, həmin ərazilərdə təbii qazdan və digər kommunal xidmətlərdən istifadə səviyyəsi daha yüksəkdir. Diferensial yanaşma nəticə etibarilə həmin vətəndaşlarımızın xərclərinin azalmasına gətirib çıxara bilər. Bu, bir tərəfdən, onların sosial təminatı baxımından ciddi dəstəkdir, digər tərəfdən isə dağlıq ərazilərdə məskunlaşmanın təşviqi baxımından əhəmiyyətlidir. Çünki söhbət məhz dağlıq rayonlardan gedir.

Nazirlər Kabineti tərəfindən də belə bir təşəbbüs irəli sürülüb. Hesab edirəm ki, bu təşəbbüsə uyğun olaraq kommunal xidmətlər üzrə güzəştlərin tətbiq edilməsi məqsədəuyğun olardı. Bu, diferensial yanaşmanın özüdür. Birmənalı şəkildə demək olar ki, belə bir yanaşma urbanizasiya prosesinə də müəyyən təsir göstərə bilər. Eyni zamanda, həmin ərazilərdə yaşayan vətəndaşlarımızın kommunal xərclərinin azalmasına şərait yaradar".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən