"İki həftədir kompensasiyanı ödəmirlər" - "ASER Cargo"dan ŞİKAYƏT
“ASER Cargo” şirkətindən şikayət edən vətəndaşın sözlərinə görə, oktyabrın əvvəlində “eBay” platformasından kompüter üçün iki ədəd monitor sifariş edib. Ümumi dəyəri 189 dollar olan məhsulların çatdırılması üçün “ASER Cargo”ya əlavə 30 dollar ödəyib.
Redaktor.az xəbər verir ki, vətəndaş bu barədə sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, təxminən iki həftə sonra bağlama şirkətin filialına çatdırılıb. Lakin məhsulları təhvil almağa gedərkən bağlamanın zədələndiyini görüb:
“Bağlamanı filialdan təhvil alanda gördüm ki, zədəlidir. Dərhal "ASER Cargo"ya məlumat verdim. Dedilər ki, araşdırma aparacağıq, gözləyin. İki həftədən çox araşdırma apardılar. Sonda mənə bildirdilər ki, təzminat ödəyəcəklər, amma bunun üçün zədələnmiş məhsulları onlara təhvil verməliyəm. Monitorları da təhvil verdim”.
Şikayətçi qeyd edib ki, məhsulları şirkətə qaytardıqdan sonra kompensasiyanın ödənilməsini gözləsə də, bu məsələ də uzanıb:
“Artıq neçə gündür deyirlər ki, təzminatın ödənilməsi üçün bankıma müraciət olunub və iki iş günü ərzində məbləğ hesabıma köçürüləcək. Ancaq bu vədin üzərindən iki həftə keçib, hələ də pulumu ala bilməmişəm. Məhsulu zədələmisiniz, bunu anladım. Bəs dəymiş zərəri ödəmək niyə bu qədər çətin gəlir? Müştərini niyə bu qədər gözlədirsiniz? Məhsulu təhvil verməzdən əvvəl çatdırılma haqqını dərhal tələb edirsiniz. Amma özünüz məhsulu zədələyəndə və kompensasiya ödəməli olanda həftələrlə gözlədirsiniz. Müştəri məmnuniyyəti budur? Müştəriyə belə münasibət göstərmək nə dərəcədə doğrudur?”
Şikayətçi məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə də müraciət etdiyini bildirib. Onun sözlərinə görə, qurumdan elektron poçt vasitəsilə cavab gəlsə də, bundan sonra hər hansı nəticə əldə olunmayıb:
“Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şikayət etmişəm. Onlar mənə elektron poçtla cavab göndəriblər, amma bununla da məsələ bitib. Heç bir real addım atılmayıb. Mən sadəcə zədələnmiş məhsullarımın əvəzinin ödənilməsini istəyirəm. Şirkət isə verdiyi vədə əməl etmir”.
Vətəndaş “ASER Cargo”dan kompensasiyanın gecikdirilməsinə aydınlıq gətirilməsini və dəymiş zərərin ödənilməsini tələb edir.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
NURİYYƏ














