“Xəstəyə hörmətsizlik etdilər” - Ege Hospital və Referans Həyatla bağlı ŞİKAYƏT
Ege Hospital və Referans Həyat klinikalarında qarşılaşdığı münasibətdən narazı qalan vətəndaş şikayətini sosial şəbəkədə paylaşıb. O, sığorta vasitəsilə qəbuluna yazıldığı iki fərqli həkimin davranışından narazılığını ifadə edərək, hər iki klinikada saatlarla vaxt itirdiyini, lakin nəticədə müalicə ala bilmədiyini bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə vətəndaş Kənan Quluzadə feysbukda paylaşım edib.
Şikayətçi qeyd edib ki, bir neçə gün ərzində boynundakı kiçik şiş böyüyərək narahatlıq yaratmağa başlayıb. Müayinədən sonra bunun epidermal kist olduğu və kəsilməsinin lazım gəldiyi məlum olub. Bundan sonra o, sığorta vasitəsilə Ege Hospitalda cərrah Edgard Nurməmmədovun qəbuluna yazılıb.
Vətəndaşın sözlərinə görə, təyin olunan vaxtda xəstəxanaya getsə də, həkimin əməliyyatda olduğu bildirilib:
“Bu gün dediyi saatda orada olan zaman isə həkimin əməliyyatda olduğunu bildirdilər. Təəccüb içində "Bəs nə zaman gələr?" deyə soruşduqda, dəqiq bilinmədiyini, hətta ola bilsin, gəlməyəcəyini söylədilər. "Bəs bunu niyə mənə xəbər verməmisiniz?" deyəndə isə "O qədər pasiyent var ki, nə edə bilərik?" kimi absurd və hörmətsiz cavab verdilər”.
Şikayətçi həkimlə əlaqə saxlamağa çalışdığını, lakin zənglərinə cavab verilmədiyini də vurğulayıb. Onun sözlərinə görə, mesajına yalnız iki saat sonra cavab gəlib, narazılığını bildirdikdə isə həkim mesajı oxusa da, cavab yazmayıb.
Vətəndaş daha sonra Referans Həyat klinikasına yönləndirildiyini bildirib. Burada Şükür adlı başqa bir həkimin qəbuluna yazılıb. Şikayətçinin iddiasına görə, həkim ona əvvəlcə ultrasəs müayinəsindən (USM) keçməsini və daha sonra problemin həll olunacağını deyib.
Lakin onun sözlərinə görə, bu dəfə də gözlənilməz vəziyyətlə qarşılaşıb:
“Üç saat USM-də növbə gözləyib nəticəni aldıqdan sonra məlum oldu ki, həkim çıxıb gedib. Həkimlə əlaqə saxlayanda isə mənə bildirdi ki, "O əməliyyatdan mənə cəmi 8 manat pul qalır, ona görə mən niyə əziyyət çəkim?!"”
Şikayətçi hər iki klinikada yaşadığı vəziyyətin nəticəsində bütün gününü itirdiyini, halbuki söhbətin cəmi bir neçə dəqiqəlik prosedurdan getdiyini qeyd edib.
O, paylaşımında Ege Hospital və Referans Həyat rəhbərliyinə müraciət edərək, həkimlərin sığorta ilə pasiyent qəbul etmək istəmədiyi halda bunun əvvəlcədən bildirilməməsinə etirazını ifadə edib:
“Ege Hospital, Referans Həyat, həkimləriniz sığorta ilə işləmək istəmirsə, bunu pasiyentə əvvəlcədən niyə demirlər? Xəstəni qəbula çağırıb gəlməmək nə deməkdir? Xəstəni əməliyyat etməyəcəksə, saatlarla gözlətmək nə deməkdir?”
K.Quluzadə hər iki tibb müəssisəsində pasiyentə göstərilən münasibətin qəbuledilməz olduğunu vurğulayaraq, məsələ ilə bağlı klinikaların mövqeyinin də maraqlı olduğunu bildirib.
Mövzu ilə bağlı qarşı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
NURİYYƏ














