Onkoloji xəstəliklərin müalicəsi tibbi sığortaya daxil edilə bilərmi? - AÇIQLAMA

 18:43 17.11.2026     32

Azərbaycanda onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta hesabına qarşılanması və özəl klinikaların səhiyyə sisteminə daha geniş inteqrasiyası məsələsi müzakirə olunur. Milli Məclisin deputatı Fazil Mustafa dövlət və özəl xəstəxanalar arasında tibbi xidmətlərin əlçatanlığı ilə bağlı fərqlərin aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Bəs onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta zərfinə daxil edilməsi nə dərəcədə realdır? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, nüəyyən deklarasiyalar və planlar reallığa əsaslanmalıdır:

"Onkoloji xəstələrin icbari tibbi sığorta paketinə daxil edilməsi, əlbəttə, hamımızın arzuladığı məsələlərdən biridir. Ancaq bunun nə dərəcədə real olduğunu da nəzərə almalıyıq. Təsəvvür edin ki, dünyanın bir çox ölkəsində onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığorta xərclərinin 60 faizinə qədərini təşkil edir".

Müsahibimiz vurğuladı ki, bu gün tibbin əsas mübarizə apardığı sahələrdən biri məhz onkoloji xəstəliklərdir:

"Bu xəstəliklərin müalicəsi isə ən bahalı tibbi müdaxilələri və üsulları tələb edir. Burada kifayət qədər bahalı dərman preparatlarına və müalicə prosedurlarına ehtiyac yaranır. Mövcud Azərbaycan reallığında icbari tibbi sığortanın maliyyə imkanları bu xərcləri qarşılamaq üçün kifayət etmir. Ona görə də hələlik bu istiqamətdə müalicə dövlət proqramı çərçivəsində Onkoloji Mərkəzdə həyata keçirilir. Əlbəttə, gələcəkdə maliyyə imkanları genişləndikdə, Azərbaycanda həm ağıllı dərmanların, həm də digər onkoloji preparatların istehsalı və ya qablaşdırılması imkanları yarandıqda vəziyyət bir qədər fərqli ola bilər. Lakin hazırkı maliyyə imkanları ilə onkoloji xəstələrin effektiv müalicəsini icbari tibbi sığorta hesabına təmin etmək real görünmür".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən