Azərbaycanda kibertəhlükəsizlik savadlılığı hansı səviyyədədir və necə qorunmalıyıq? - AÇIQLAMA

 11:11 20.11.2026     103

"Demək olar ki, hər gün sosial şəbəkələrdə, telefon zənglərində və mesajlarda insanları aldatmağa çalışan dələduzlarla rastlaşırıq. Bəzən insanlara saxta linklər göndərilir, bəzən isə bank əməkdaşı adı ilə zəng edilərək kart məlumatları istənilir. Nə qədər xəbərdarlıq edilsə də, təəssüf ki, hələ də aldanan adamlar var".

Bu barədə Redaktor.az-a kibercinayətkarlıqdan danışan informasiya texnologiyaları üzrə mühəndis, tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirdi.

Onun sözlərinə görə, ölkəmizdə bu sahədə məlumatlılıq artsa da, müəyyən qədər problemlər də mövcuddur:

"Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının 2026-cı ildə 730 nəfər arasında apardığı pilot sorğuya istinad etmək olar. Tədqiqatın nəticələrinə əsasən, qeyd olunur ki, respondentlərin ümumi kibertəhlükəsizlik hazırlıq indeksi 69,0% səviyyəsində orta göstərici olmaqla yanaşı, regionlarda ciddi geriləmə və hazırlığın aşağı olduğu müəyyən olunub. Ümumilikdə respondentlərin 21,4%-i aşağı hazırlıq səviyyəsində qiymətləndirilib və regionlar üzrə bu nəticə 40%-ə yaxın olub. Həmçinin, ayrı-ayrı əhali qrupları üzrə nəticələr arasında fərqlər müəyyən edilib. Xüsusilə 60+ yaş qrupu üzrə hazırlıq indeksi 42,0%, internetdən heç istifadə etməyən respondentlər üzrə isə 49,0% olub.

Bu nəticələr yaşlı və aşağı rəqəmsal aktivliyə malik əhali qruplarının kiber hazırlığının aşağı olmasını göstərməklə yanaşı, daha sadə, praktik və hədəflənmiş maarifləndirmə yanaşmalarının tətbiqinin əhəmiyyətini göstərir. Xüsusilə yaşlı insanlar və internetdən az istifadə edən şəxslər daha çox çətinlik çəkirlər".

Mütəxəssis vurğuladı ki, əsas problemlərdən biri insanların internetdə gördükləri hər məlumata inanmasıdır:

"Məsələn, "hədiyyə qazandınız", "kartınız bloklanıb" və ya "təcili pul göndərin" kimi mesajlar insanlarda maraq və ya qorxu yaradır. Kibercinayətkarlar da məhz bundan istifadə edirlər. Fikrimcə ilk növbədə, maarifləndirmə işləri daha da gücləndirilməlidir. Məktəblərdə, universitetlərdə və iş yerlərində kibertəhlükəsizliklə bağlı sadə təlimlər keçirilməlidir. Televiziya və sosial şəbəkələrdə real dələduzluq nümunələri göstərilməli, insanların belə hallarda necə davranmalı olduğu izah edilməlidir.

Eyni zamanda, hər bir insan bilməlidir ki, bank kartının məlumatlarını, CVV kodunu və telefona gələn təsdiq şifrəsini heç kimlə paylaşmaq olmaz. Tanımadığımız şəxslərin göndərdiyi linklərə daxil olmamalı, tanıdığımz insandan gələn linklərə də daxil olmadan həmin adamın özü ilə əlaqə saxlayıb aydınlaşdırmaq lazımdır. Ola bilər ki, sizə link göndərən şəxsin avadanlığı da ələ keçirilmiş olsun. Şübhəli zənglərə inanmamalıyıq. Şübhəli vəziyyət yaranarsa, dərhal bankla və ya aidiyyəti qurumlarla əlaqə saxlamalıyıq. Kibercinayətkarlıqla mübarizə yalnız dövlət qurumlarının deyil, hər bir vətəndaşın məsuliyyətidir. İnsanlar nə qədər məlumatlı və diqqətli olsalar, dələduzların onları aldatması bir o qədər çətin olar. Unutmamalıyıq ki, internetdə təhlükəsizliyimizin ilk qoruyucusu özümüzük".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən