Eyyub Hüseynovdan restoranlarla bağlı sərt AÇIQLAMA - "Deyirlər ki, qızla gəlməlisən"

 13:30 20.11.2026     42

"Azərbaycanda istehlakçı siyasəti bərbad vəziyyətdədir. Yalnızca biznesin inkişafı siyasəti ona gətirib çıxarıb ki, artıq bir çox yerlərdə satıcılar, xidmət göstərənlər istehlakçıya öz şərtlərini diktə edirlər".

Bunu Redaktor.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Bakıda yerləşən bəzi restoranların müştərilərin obyektə tək girişinə icazə verməməsindən danışarkən dedi.

O vurğuladı ki, restoran bizneslərində ən əcaib hal şadlıq evlərindədir:

"Restoran və şadlıq evlərindəki əcaib halın baş verməsinin bir nömrəli səbəbi tələbin təklifi üstələməsidir. Tələb təklifi üstələyir, ona görə də restoranlar müştəri axtarışında deyillər. Müştərilərin üzərinə baxırlar, deyirlər ki, xoşuma gəlmirsən, qızla gəlməlisən, qəlyan çəkən qızın yanında hesabı verməlisən. Üzü dənizə tərəf oturmusan, 20 manat artıq verməlisən, bir çaynik çaya 50 manat verməlisən və sair. Bu kimi hallar mövcuddur. Belə məsələləri biz dövlət orqanları qarşısında qaldıranda deyirlər ki, öz ərazilərində özləri necə istəyər, elə də davranarlar. Biz Azad İstehlakçılar Birliyi olaraq bu vəziyyətlə razı deyilik. Biz düşünürük ki, bu, istehlakçı hüquqlarının pozulmasıdır və hökumət elə bir siyasət aparmalıdır ki, istehlakçıların hüquqları pozulmasın və bu, Azərbaycanda turizmin inkişafına böyük zərbədir. Hələ mən içəri girəndən sonra nələr baş verir demirəm, xarici turistə ayrı menyu verirlər, yerlisinə ayrı və sair. Bu özbaşınalıqdır, bunu biznes qurumlarının özbaşınalığı kimi qiymətləndirirəm".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən