"Balalarımız üçün boğazımızdan kəsirik" - Təhsil xərcləri valideynləri çətin vəziyyətə salır - SORĞU
Övladının yaxşı təhsil almasını istəyən valideynlər bunun üçün hər ay kifayət qədər vəsait xərcləməli olurlar. Məktəb ləvazimatları, əlavə dərs vəsaitləri, hazırlıq kursları, repetitor xidmətləri və universitet ödənişləri ailə büdcəsinə ciddi təsir göstərir. Xüsusilə bir neçə övladı təhsil alan ailələr üçün bu xərcləri qarşılamaq daha da çətinləşir.
Bəs valideynlər övladlarının təhsili üçün ayda nə qədər pul xərcləyirlər? Bu xərclər ailə büdcəsinə necə təsir edir?
Redaktor.az olaraq paytaxt sakinləri arasında bu mövzuda sorğu keçirdik.
İki uşaq atası olan Ramin bəy bildirdi ki, övladlarından biri 10-cu, digəri isə 9-cu sinifdə oxuyur. Dediyinə görə, hər iki uşağın qarşıdakı imtahanlara hazırlaşması ailənin xərclərini artırıb:
“Qızım 9-cu sinifdən imtahan verəcək, oğlum isə gələn il universitetə qəbul imtahanında iştirak edəcək. Ona görə indidən müəyyən qədər hazırlıqlara qoymuşuq. Evdə yalnız mən işləyirəm, yoldaşım evdar xanımdır. Çox çətindir. Təkcə uşaqların hazırlığına 500 manat gedir, məktəbin digər xərclərini isə demirəm. Çox pul xərclənir”.
Övladı yenicə məktəbə başlayan Nərgiz xanım isə bildirib ki, qızı cəmi üç aydır birinci sinifdə oxusa da, artıq təhsil xərcləri ilə üzləşiblər:
“Qızım hələ birinci sinifdədir, üç aydır məktəbə gedir, amma artıq hesabı itirmişik. Müəllim müəyyən testlər aldırır, uşaqların işləməli olduğu tapşırıqlar və başqa xərclər var. Ümumiyyətlə, düşünürəm ki, təhsil çox pul tələb edir”.
Tələbə anası olan Aynur xanım isə oğlunun illik təhsil haqqının 2300 manat olduğunu dedi:
“Nə qədər çalışsam da, oğlum ödənişsiz əsaslarla universitetə qəbul ola bilmədi. Təbii ki, indiki dövrdə oxumaq çox vacibdir. Pul çox olsa da, neyləyək? Necə deyərlər, balamız üçün məcbur olub boğazımızdan kəsirik”.
Sorğu zamanı küçədə əl işlərini sataraq dolanışığını təmin edən bir ana ilə də həmsöhbət olduq. Övladını tək böyütdüyünü deyən qadın təhsil xərclərinin onun üçün də ciddi çətinlik yaratdığını bildirdi:
“Övladına tək baxan valideynlər kifayət qədərdir. Çətindir. İndiki dövrdə ümumiyyətlə, çox çətindir. Təhsil də müəyyən qədər pul tələb edir. İstəmirəm qızım kimdənsə geri qalsın. Ona görə məcburuq çalışaq, vuruşaq. Amma çətindir”.
NURİYYƏ













