"Avtomobillərimiz sıradan çıxır" - Sakinlərdən ŞİKAYƏT
Suraxanı rayonu, Hövsan qəsəbəsi, "Şəhərcik" adlanan ərazidə onlarla fərdi yaşayış evi var. Yeni yaşayış massivi olan ərazidə xeyli sayda vətəndaş yaşayır. Lakin burada yollar bərbad vəziyyətdədir.
Redaktor.az xəbər verir ki, sakinlər gediş-gəliş zamanı ciddi çətinliklərlə üzləşirlər.
"Məsul şəxslər hara baxırlər, mən bilmirəm. Bərbad gündədir. Öz vəsaitimiz hesabına yolun düzəldilməsinə çalışırıq. Hər dəfə daş tökürük, düzəldirik, amma yenidən yağış yağanda əvvəlki vəziyyətinə qayıdır", - sakinlərdən biri Baku TV-yə deyib.
"Avtomobillərimiz sıradan çıxır. Artıq maşında salamat detal qalmayıb. Bütün sistemlər dağılıb. Bura girib-çıxmaq mümkün deyil", - başqa bir sakin söyləyib.
Hövsan bələdiyyəsinin sədr müavini Faiq Məmmədov isə bildirib ki, ərazidəki evlərin sənədləri olmadığı üçün sakinlər əmlak və torpaq vergisi ödəmirlər. Buna baxmayaraq, bələdiyyə imkanları daxilində onlara kömək göstərməyə çalışacaq.
"Bizə bu barədə dünən məlumat verilib. Həmin ərazilər zəbt olunmuş torpaqlar hesab olunur. Bəzi evlər kənd təsərrüfatı təyinatlı torpaqlarda tikildiyi üçün belə bir vəziyyət yaranıb. Sakinlərə dəfələrlə bildirmişik ki, heç olmasa, torpaq vergisini ödəməlidirlər. Çalışacağıq ki, onlara ən qısa zamanda kömək göstərək", - Faiq Məmmədov qeyd edib.













