Bakıda avtobuslara yaşıl işıq yandırılacaq - Tıxaclar arta bilərmi?

 16:12 23.11.2026     59

Bakıda ictimai nəqliyyatın hərəkətini sürətləndirmək və avtobusların yollarda gecikməsinin qarşısını almaq məqsədilə yeni işıqfor sisteminin tətbiqi nəzərdə tutulur. Paytaxtda ilk dəfə avtobuslar üçün ayrıca işıqforlar quraşdırılacaq. Yeni sistemin tətbiqi ictimai nəqliyyatın hərəkətində hansı dəyişikliklərə səbəb olacaq? Avtobuslara veriləcək üstünlük digər nəqliyyat vasitələrinin hərəkətinə və şəhərdəki tıxaclara necə təsir göstərəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Adil Nəbiyev bildirdi ki, Bakıda avtobuslar üçün ayrıca işıqfor sisteminin tətbiqi ictimai nəqliyyatın hərəkətinin daha səmərəli təşkil olunması baxımından mühüm addım ola bilər:

"Ancaq burada əsas məsələ işıqforun quraşdırılması deyil, onun hansı prinsiplə işləməsi, mövcud yol infrastrukturu ilə necə əlaqələndirilməsi və digər nəqliyyat vasitələrinin hərəkətinə hansı formada təsir göstərməsidir. İlk növbədə başa düşməliyik ki, avtobus adi minik avtomobilindən fərqli olaraq eyni anda onlarla sərnişin daşıyır. Məsələn, bir avtobusda 50 sərnişin varsa, həmin insanların hər biri şəxsi avtomobillə hərəkət etsəydi, yollarda xeyli əlavə nəqliyyat vasitəsi olardı. Ona görə də şəhər nəqliyyatının idarə edilməsində yalnız avtomobillərin sayını deyil, müəyyən vaxt ərzində neçə insanın daşındığını əsas götürmək lazımdır. Dünyanın bir çox şəhərində avtobuslara işıqforlarda üstünlük verilməsi məhz bu məntiqə əsaslanır".

Ekspert qeyd etdi ki, burada iki fərqli texniki yanaşma mövcuddur:

"Birincisi, avtobuslar üçün ayrıca işıqfor siqnallarının tətbiqidir. İkincisi isə avtobusun yaxınlaşmasını müəyyən edən və işıqforun iş rejimini buna uyğun dəyişən ağıllı idarəetmə sistemidir. Məsələn, avtobus yolayrıcına yaxınlaşarkən sistem onun hərəkətini müəyyən edir və mövcud şərait imkan verirsə, yaşıl işığın müddətini bir neçə saniyə uzadır və ya avtobus istiqamətində yaşıl siqnalın daha tez yanmasını təmin edir. Nəticədə avtobus hər yolayrıcında uzun müddət gözləmək məcburiyyətində qalmır. Xüsusilə Bakı kimi günün müəyyən saatlarında nəqliyyat sıxlığının yüksək olduğu şəhərlərdə bu cür idarəetmə avtobusların hərəkət vaxtının azalmasına və qrafikə daha dəqiq əməl etməsinə kömək edə bilər".

Adil Nəbiyev vurğuladı ki, avtobusun sürətinin artırılması dedikdə onun yolda daha yüksək sürətlə hərəkət etməsi başa düşülməməlidir:

"Söhbət dayanacaqlarda, yolayrıclarında və tıxaclarda itirilən vaxtın azaldılmasından, yəni marşrut üzrə orta hərəkət sürətinin yüksəldilməsindən gedir. Bu, həm sərnişinlərin mənzilbaşına daha tez çatmasına, həm də avtobusların hərəkət intervalının daha sabit saxlanılmasına şərait yarada bilər. Məsələn, müəyyən marşrut üzrə avtobusun bir istiqamətdə hərəkəti 40 dəqiqə çəkirsə və düzgün işıqfor idarəetməsi hesabına bu müddət 35 dəqiqəyə enirsə, gün ərzində həmin avtobusun iş rejimində əhəmiyyətli vaxt qənaəti yarana bilər. Amma bu, şərti nümunədir və real nəticə konkret marşrutun uzunluğundan, yolayrıclarının sayından, dayanacaqlarda sərnişin mübadiləsinə sərf olunan vaxtdan və nəqliyyat sıxlığından asılı olacaq".

Müsahibimizin sözlərinə görə, avtobusların hərəkət intervalının yaxşılaşdırılması üçün yalnız xüsusi işıqforların quraşdırılması kifayət deyil:

"Əgər avtobus zolağına digər avtomobillər daxil olursa, dayanacaqlar düzgün təşkil edilməyibsə, avtobuslar bir-birinin arxasında dayanmağa məcbur qalırsa və ya yolayrıclarında hərəkət düzgün tənzimlənmirsə, yeni işıqfor sistemi gözlənilən nəticəni verməyə bilər.

İkinci mühüm məsələ isə avtobuslara verilən üstünlüyün digər nəqliyyat vasitələrinə təsiridir. Əlbəttə, sistem düzgün hesablanmasa, müəyyən yolayrıclarında minik avtomobillərinin gözləmə müddəti arta, növbələr uzana və əlavə sıxlıq yarana bilər. Xüsusilə yolun buraxıcılıq qabiliyyəti məhdud olan ərazilərdə bir istiqamətə əlavə yaşıl işıq vaxtı ayrılması digər istiqamətlərdə hərəkətin ləngiməsinə səbəb ola bilər. Ancaq bu o demək deyil ki, avtobuslara üstünlük verilməsi mütləq tıxac yaradacaq. Əksinə, düzgün layihələndirilmiş sistem ümumi nəqliyyat axınının daha səmərəli idarə edilməsinə kömək edə bilər".

Ekspertin fikrincə, bunun üçün işıqforlar ayrı-ayrılıqda deyil, qonşu yolayrıcları ilə əlaqəli şəkildə işləməlidir:

"Sistem yalnız avtobusun yaxınlaşmasını deyil, digər istiqamətlərdə avtomobil sıxlığını, piyadaların keçid vaxtını, yolayrıcının doluluğunu və ümumi nəqliyyat vəziyyətini də nəzərə almalıdır. Məsələn, avtobusa üstünlük vermək üçün bir istiqamətdə yaşıl işığın müddətinin uzadılması digər istiqamətdə yüzlərlə avtomobilin hərəkətini uzun müddət dayandıracaqsa, sistem bu qərarın ümumi nəticəsini qiymətləndirməlidir. Burada məqsəd bir nəqliyyat vasitəsini digərlərinin hesabına hərəkət etdirmək deyil, mövcud yol sahəsindən daha çox insanın təhlükəsiz və vaxtında daşınmasını təmin etməkdir".

A.Nəbiyev vurğuladı ki, avtobuslara xüsusi işıqfor siqnallarının verilməsi sürücülər üçün aydın olmalıdır:

"Çünki adi işıqforla avtobus işıqforunun siqnalları arasında fərqi bilməyən sürücü yanlış hərəkət edə bilər. Xüsusilə sistemin ilk tətbiq olunduğu dövrdə sürücülərin məlumatlandırılması, yol nişanlarının və nişanlanma xətlərinin düzgün yerləşdirilməsi, siqnalların uzaq məsafədən aydın görünməsi vacibdir. Piyadaların təhlükəsizliyi də heç bir halda ikinci plana keçirilməməlidir. Avtobusa verilən üstünlük piyada keçidində təhlükəli vəziyyət yaratmamalı, dönmə manevrləri zamanı digər nəqliyyat vasitələri ilə toqquşma riskini artırmamalıdır".

Həmsöhbətimiz hesab edir ki, Bakıda bu sistemin tətbiqinə başlamazdan əvvəl seçilmiş yolayrıclarında nəqliyyat axınının təhlili aparılmalı, avtobusların mövcud hərəkət vaxtı, orta gecikmə müddəti və hərəkət intervalındakı dəyişkənlik ölçülməlidir:

"Daha sonra pilot layihə həyata keçirilməli və nəticələr əvvəlki göstəricilərlə müqayisə edilməlidir. Yalnız avtobusların neçə dəqiqə qazandığı deyil, digər avtomobillərin nə qədər əlavə gözlədiyi, piyadaların keçid şəraiti və yolayrıcının ümumi buraxıcılıq qabiliyyəti də qiymətləndirilməlidir. Əgər bir avtobusun 30 saniyə vaxt qazanması nəticəsində onlarla sərnişin daha tez hərəkət edirsə, bu, müsbət nəticədir. Ancaq həmin üstünlük qonşu yolayrıcında uzun növbələr yaradaraq ümumi hərəkəti iflic edirsə, idarəetmə mexanizminə yenidən baxılmalıdır".

Ekspert əlavə etdi ki, ictimai nəqliyyata inamın artırılması da şəhərdə nəqliyyat yükünün azaldılması baxımından mühüm əhəmiyyət daşıyır:

"Burada daha bir vacib məsələ ictimai nəqliyyata olan inamdır. İnsanlar avtobusdan yalnız gedişhaqqına görə istifadə etmirlər. Sərnişin üçün əsas amillərdən biri vaxtdır. Əgər vətəndaş bilsə ki, avtobus dayanacağa müəyyən olunmuş intervalda gələcək və onu təxmin edilən vaxtda mənzilbaşına çatdıracaq, şəxsi avtomobildən istifadə etmək zərurəti də müəyyən qədər azalacaq. Bu isə uzunmüddətli perspektivdə şəhərin nəqliyyat yükünün yüngülləşməsinə kömək edə bilər. Lakin bunun üçün xüsusi işıqforlarla yanaşı, avtobusların sayı, marşrut şəbəkəsi, dayanacaqların əlçatanlığı, sərnişin rahatlığı və digər ictimai nəqliyyat növləri ilə inteqrasiya da yaxşılaşdırılmalıdır".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən