"Trendyol" sifarişləri niyə gec çatdırılır? - SƏBƏB AÇIQLANDI

 14:01 23.11.2026     39

Türkiyədən "Trendyol" vasitəsilə sifariş edilən məhsulların Azərbaycana çatdırılma müddəti uzanıb. Əvvəllər hava yolu ilə daha qısa müddətdə çatdırılan bağlamalar hazırda əsasən quru yolu ilə daşındığından alıcılar sifarişlərini təxminən bir ay gözləməli olurlar.

Bəs daşınma üsulunun dəyişdirilməsinə səbəb nədir? "Trendyol" sifarişləri niyə artıq hava yolu ilə göndərilmir? Çatdırılma müddətinin uzanması müvəqqəti dəyişiklikdir, yoxsa bundan sonra da belə davam edəcək?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında marketoloq Nicat Manafov bildirdi ki, "Trendyol" şirkəti Azərbaycana göndərilən bağlamalarda "Temu" ilə rəqabət apara bilmək üçün daşımaları hava yolu ilə deyil, əsasən quru yolu nəqliyyatı ilə, yəni TIR-larla həyata keçirir.

“Bəzi məhsulların hava yolu ilə göndərilməsi davam etsə də, məhsulların böyük əksəriyyəti, xüsusilə də ağır yüklər TIR-larla Azərbaycana gətirilir. Bu zaman bağlamalar həm Gürcüstan, həm də Azərbaycan ərazisində gömrük yoxlanışlarına məruz qalır. Eyni zamanda, quru yolu ilə daşınma daha uzun vaxt apardığı üçün məhsullar təyyarə ilə göndərilən bağlamalarla müqayisədə gec çatdırılır.

Müştərilər bağlamalarının daha sürətli gəlməsini istəyirlərsə, karqo şirkətlərinin Türkiyədə təqdim etdiyi ünvanlardan istifadə edərək ənənəvi qaydada "Trendyol" və digər mağazalardan sifariş verə bilərlər. Bu halda məhsullar 3-5 gün ərzində Azərbaycana çatdırılır.

Yəni müştərilər məhsulları daha ucuz əldə etmək istəyirlərsə, birbaşa sifariş verə bilərlər. Daha sürətli çatdırılma və hava yolu ilə daşınma istəyirlərsə, karqo şirkətlərinin Türkiyədə və digər ölkələrdə təqdim etdiyi ünvanlardan istifadə etməlidirlər”, - deyə marketoloq qeyd edib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən