"Pulumu qaytarmadılar, üstəlik, böhtan atdılar" - Sürücülük kursundan ŞİKAYƏT

 16:08 23.11.2026     65

İnstaqram sosial şəbəkəsində "ilk.avtotelim" adı ilə fəaliyyət göstərən sürücülük təlimi kursundan şikayət var. Vətəndaş iddia edir ki, 10 dərslik paket üçün ödəniş edib, lakin cəmi bir dərsdə iştirak etdikdən sonra şəxsi səbəblərdən təlimlərə fasilə verib. Daha sonra qalan dərsləri davam etdirmək istədikdə isə təlimçinin kursdan ayrıldığını öyrənib və bu barədə ona əvvəlcədən məlumat verilməyib.

Redaktor.az xəbər verir ki, şikayətçi bu barədə sosial şəbəkədə paylaşım edib.

Şikayətçi bildirib ki, qalan 9 dərsin, yəni 198 manatın geri qaytarılmasını tələb etsə də, kurs rəhbərliyi bundan imtina edib:

"Mən bu kursdan 10 dərslik paket götürmüşdüm. Bir dərsə getdim, lakin sonra bəzi şəxsi səbəblərdən bir neçə günlük dayandırdım. Bir müddət sonra qalan dərslər üçün təlimə getmək istədiyim zaman mənə təlim deyən xanım təlimçinin bu kursdan uzaqlaşdığını öyrəndim. Bu barədə nə təlimçi, nə də kurs rəhbərliyi mənə məlumat vermişdi.

Daha sonra qalan 9 dərsin, yəni 198 manatın kurs rəhbərliyindən geri qaytarılmasını istədim. Kurs rəhbəri pulun geri qaytarılmadığını, yalnız başqa müəllimlə əvəz edə biləcəyini dedi. Mən isə bu şərtlə razılaşmadım".

Şikayətçinin sözlərinə görə, ödənişini geri tələb etdiyi zaman kurs rəhbəri Müşfiq Əhədov ona qarşı əsassız ittiham irəli sürüb:

"Sadəcə ödənişimi geri tələb etdiyim zaman pulu qaytarmamaqdan ötrü ilk.avtotelim kursunun rəhbəri Müşfiq Əhədov mənə təlimçinin xanım olduğu üçün aramızda şəxsi münasibət olduğu barədə böhtan atdı. Həmçinin ödənişi yalnız təlimçidən ala biləcəyimi dedi. Mən təlimçinin nömrəsini istədikdə isə onun əlaqə nömrəsini mənə verməkdən imtina etdi".

Vətəndaş baş verənlərdən narazı qaldığını bildirərək digər şəxslərə də həmin kursu tövsiyə etmədiyini vurğulayıb:

"Bu ilk.avtotelim təlim kursunu heç kimə məsləhət görmürəm. 198 manat ödənişi geri qaytarmamaqdan ötrü kişiyə belə böhtan atan kurs rəhbəri sabah maşın sürmək üçün təlimə gedən və təlimi bəyənməzsə, ödənişini geri almaq istəyən xanımlara hansı böhtanları atar?"

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

NURİYYƏ

2
Vumart və Güvən reklamı Vumart Güvən