Ev təsərrüfatlarının elektron uçotu regionlara nə qazandıracaq? - AÇIQLAMA

 18:22 23.11.2026     54

Ev təsərrüfatlarının uçotunun elektron qaydada aparılması kənd təsərrüfatının inkişafı, əhalinin məşğulluğunun artırılması və regionlarda sosial-iqtisadi vəziyyətin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bununla belə, uçotun hansı məqsədlə aparılacağı, əldə olunan məlumatların kənd əhalisinin rifahının yaxşılaşdırılmasına necə xidmət edəcəyi və kiçik təsərrüfatların qeydiyyatının nə dərəcədə səmərəli olacağı məsələləri də diqqət çəkir.

Qeyd edək ki, noyabrın 23-dən 26-dək ev təsərrüfatlarının uçotunun elektron qaydada təşkilinə hazırlıq çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, 14 iqtisadi rayon üzrə yaşayış məntəqələrində qeydiyyat aparacaq şəxslər üçün təlimlərə başlanılıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov qeyd etdi ki, burada məqsəd ev təsərrüfatlarında vəziyyəti dəqiqləşdirmək və qiymətləndirməkdir:

"Eyni zamanda, bu, onların daha da inkişaf etdirilməsi üçün tədbirlər görmək məqsədi daşıyır. Məlumat yığılır, dəqiqləşdirilir ki, kənddə yaşayan əhalinin təsərrüfatlarında vəziyyət necədir? Həyətyanı sahəsinin ölçüsü, təsərrüfatda nələr var? Mal-qara, qoyun, keçi, toyuq, cücə və sair, yəni nə varsa, bunların dəqiq uçotu aparılır. Qiymətləndirilməlidir ki, kəndçinin vəziyyəti necədir, onun məşğulluğu, imkanları, təminatı nə cürdür. İmkan daxilində də mən hesab edirəm ki, biz bunu etməliyik ki, kəndçinin şəraiti yaxşılaşsın. Kəndçinin fərdi təsərrüfatı daha zəngin olsun. Yəni kənddə yaşayan insan həyətyanı sahəsindən səmərəli istifadə etməyi bacarsın. Onun suvarma suyu ilə təminatı yaxşılaşdırılsın, müəyyən meyvə-tərəvəz əkib-becərmək üçün ona müəyyən subsidiyalar, köməkliklər olunsun. Əgər kəndçinin təsərrüfatında mal-heyvanı yoxdursa, şərait yaradılsın, dövlət tərəfindən ona mal-heyvan saxlamağa da kömək olunsun".

Millət vəkili vurğuladı ki, kəndçinin fərdi təsərrüfatı nə qədər inkişaf etsə, güclü olsa, bu, dövlətin xeyrinədir:

"Bu, məhsul bolluğunun yaranmasına səbəb olan bir hal olacaq. Buna görə də uçotun dəqiqləşdirilməsinə başlanılır ki, dövlətdə dəqiq məlumat olsun: hansı kənddə nə qədər ailə təsərrüfatı var və bu təsərrüfatlarda vəziyyət necədir, kimin nəyi var, nəyi yoxdur, bunların məşğulluğunu və inkişafını təmin etmək üçün nə etmək lazımdır, vacibdir və buna görə bu uçot aparılacaqdır. Mən özüm kənddə doğulub-böyümüş adam, arzu edirəm, istəyirəm və təklif verirəm ki, biz maksimum dərəcədə çalışmalıyıq ki, kənddə yaşayan insanlarımızın fərdi təsərrüfatı güclü inkişaf etsin. Bu, ölkədə məhsul bolluğunun vacib şərtlərindən biridir. Bazarlarda qiymət artımının qarşısını almaq üçün kəndçinin məhsulunun bazara çıxarılmasına şərait yaradılmalıdır. Yəni bazarlarda adətən görürsən ki, bir dənə də olsun kəndçi yoxdur, hamısı alıb-satanlardır, ancaq bu da qiymət artımına səbəb olur. Kəndçi becərdiyi məhsulu yerində, məsələn, 1 manata satırsa, bazarda o məhsul 3 manata, 5 manata satılır. Ancaq kəndçinin özünə şərait yaradılsa ki, bu əkib-becərdiyini özü sata bilsin, bazarlara özü çıxara bilsin, bu, ucuzlaşmaya səbəb olar, qiymət artımına səbəb olmaz. Hesab edirəm ki, bu, vacib məsələlərdən biridir və biz kəndli təsərrüfatlarının inkişafına kömək etməliyik".

İstiqlalçı millət vəkili Vahid Əhmədov isə hesab edir ki, ilkin olaraq 14 iqtisadi rayon üzrə ümumi təhlil apararaq həmin rayonların iqtisadi vəziyyətini müzakirə etmək lazımdır:

"Təkcə rayonun mərkəzindən söhbət getmir. Həmin rayonda neçə kənd var və hər kənddə ümumi iqtisadi vəziyyət necədir? İnsanların ümumiyyətlə gündəlik tələbatı ödənilir, ödənilmir və sair – bunları bilmək lazımdır. Bu kimi məsələlər öz həllini tapmalıdır. Hesab edirəm ki, bu məsələ bir qədər ciddilik tələb edir. Əgər hansısa bir kənddə kəndli hardasa 20 dənə toyuq saxlayırsa, əsasən ailə təminatını ödəmək üçün saxlayır. Bunları uçota götürmək nə qədər Azərbaycan dövlət büdcəsinə vəsait gətirəcək? Mən onu başa düşə bilmirəm.

Hesab edirəm ki, ilk növbədə yaşayan əhalinin yaşayış şəraitini başa düşmək, araşdırmaq lazımdır: həmin insanın yaşayış şəraiti necədir? Yenə qeyd edirəm, ilk növbədə həmin rayonlarda, kəndlərdə, xüsusilə kəndlərdə yaşayan əhalinin həyat şəraitinə baxmaq lazımdır. Onu ciddi təhlil etmək lazımdır. Bəlkə ondan sonra ümumiyyətlə buna heç bir ehtiyac olmayacaq".

Müsahibimiz diqqətə çatdırdı ki, regionlarda iş yerləri açılmalıdır:

"14 iqtisadi rayonun hər birində özünün də iş yerləri olmalıdır ki, insanlar işləmək üçün şəhərə gəlməsinlər. Kənddə işləsinlər, fermer təsərrüfatı yaratsınlar, genişləndirsinlər. 10 dənə, 20 dənə, 30 dənə toyuq saxlamasınlar, 2 000-3 000 dənə saxlasınlar və sair. Onda, əlbəttə, dövlət büdcəsinə gəlir verməyə ehtiyac olacaq.

Amma belə xırda təsərrüfatların uçotunu aparmaq kifayət qədər çətindir. Çünki elə kəndlər var ki, ora heç maşın da getmir. Avtomobil yolu yoxdur. İnsanlar müəyyən vasitələrlə, atla və ya piyada gedib ora çıxırlar. Yəni bu, müəyyən qədər problem yarada bilər".

Aytəkin TOFİQQIZI

Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə "regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusunda dərc olunub.

2
Vumart və Güvən reklamı Vumart Güvən