Bir saniyədə 41 metr: Yüksək sürət sürücünü necə ölümə aparır?
Bakıda tanınmış aparıcı Ada Süleyman və tanışı Anar Kərimovun həyatını itirdiyi ağır yol-nəqliyyat hadisəsi bir daha yüksək sürətin və sürücülərin məsuliyyətsiz davranışının hansı faciələrə səbəb ola biləcəyini gündəmə gətirib. Məlumata görə, hadisə zamanı avtomobili Anar Kərimov idarə edib. Restorandan ayrıldıqdan təxminən 10-15 dəqiqə sonra yüksək sürətlə hərəkət edən avtomobil DAF markalı yük maşınına çırpılıb. Qəza nəticəsində hər iki şəxs hadisə yerində həyatını itirib.
Belə faciəvi qəzaların qarşısını almaq üçün sürət həddinə nəzarətlə yanaşı, hansı əlavə tədbirlər görülməlidir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Adil Nəbiyev qeyd etdi ki, sürücülərin öz təcrübələrinə həddindən artıq güvənərək yüksək sürətlə avtomobil idarə etmələri ağır yol-nəqliyyat hadisələrinə səbəb olan əsas risk amillərindən biridir:
"Sürücünün 20 və ya 40 illik təcrübəsinin olması fizika qanunlarını dəyişmir. Sürət artdıqca sürücünün təhlükəni qiymətləndirmək və düzgün qərar vermək üçün malik olduğu vaxt azalır, avtomobilin dayanma məsafəsi isə artır. Saatda 60 kilometr sürətlə hərəkət edən avtomobil bir saniyədə 16,7 metr, 100 kilometr sürətlə 27,8 metr, 150 kilometr sürətlə isə 41,7 metr məsafə qət edir. Sürücünün təhlükəni görməsi, dərk etməsi və əyləc pedalına basması müəyyən vaxt tələb edir. Bu müddətdə avtomobil hərəkətini davam etdirir. Eyni avtomobilin sürəti 60-dan 120 km/saata yüksəldikdə kinetik enerjisi dörd dəfə artır. Belə vəziyyətdə avtomobilin müasir təhlükəsizlik sistemləri ilə təchiz olunması belə insan həyatının qorunmasına zəmanət vermir".
Müsahibimizin sözlərinə görə, digər ciddi risk amili alkoqollu içkinin təsiri altında avtomobil idarə etməkdir:
"Alkoqol sürücünün reaksiya sürətini, koordinasiyasını, diqqətini, məsafəni və sürəti düzgün qiymətləndirmək qabiliyyətini zəiflədir, eyni zamanda əsassız özünəinam yarada bilir. Sözügedən hadisədə bu amilin olub-olmaması ekspertiza nəticəsində müəyyən edilməlidir. Ümumilikdə, alkoqollu içki qəbul edən şəxs özünü nə qədər yaxşı hiss etməsindən və sürücülük təcrübəsindən asılı olmayaraq, sükan arxasına əyləşməməlidir. Bu kimi faciələrin qarşısını almaq üçün kompleks tədbirlər görülməlidir. İlk növbədə, yollarda orta sürətin ölçülməsi sistemlərinin tətbiqi genişləndirilməlidir. Mövcud nöqtəvi radarların qarşısında sürəti azaldıb daha sonra yenidən artıran sürücülər az deyil. Orta sürətə nəzarət isə müəyyən yol sahəsi boyunca sürət rejiminə əməl olunmasını təmin etməyə kömək edir. Gecə saatlarında və xüsusilə həftəsonlarında alkoqollu içkinin təsiri altında avtomobil idarə edən şəxslərin aşkarlanması istiqamətində nəzarət gücləndirilməlidir. Təhlükəli sürət pozuntularına mütəmadi yol verən və sərxoş vəziyyətdə avtomobil idarə edən şəxslər üçün məcburi təkrar hazırlıq və psixoloji qiymətləndirmə mexanizmlərinin tətbiqi nəzərdən keçirilməlidir".

Ekspert diqqətə çatdırdı ki, restoran və əyləncə məkanlarında ayıq sürücü xidmətlərinin təşviq edilməsi və bu xidmətlərin daha əlçatan olması da vacibdir:
"Bununla yanaşı, yük avtomobillərinin arxa işıqlandırma sistemləri, işıqqaytarıcı elementləri və minik avtomobillərinin yük maşınının altına daxil olmasının qarşısını almaq üçün nəzərdə tutulan mühafizə qurğuları ciddi şəkildə yoxlanılmalıdır. Yolların işıqlandırılması, nişanlanması, təhlükəli yol sahələrinin müəyyənləşdirilməsi və infrastrukturun təkmilləşdirilməsi də ölüm hallarının azaldılmasında mühüm rol oynayır. Sürücülük vəsiqəsi almaq üçün keçirilən nəzəri və praktiki imtahanların keyfiyyəti yüksəldilməli, sürücülərə avtomobilin idarəetmə dinamikası, təkərlərin yol örtüyü ilə ilişmə xüsusiyyətləri, reaksiya və əyləc məsafəsi, təhlükənin qabaqcadan müəyyənləşdirilməsi öyrədilməlidir".
A.Nəbiyev bildirdi ki, uzun illər avtomobil idarə etmək insanın peşəkar sürücü olması demək deyil:
"Sürücü illərlə eyni qayda pozuntularına yol verərək qəza törətməyə bilər, lakin bu, onun təhlükəsiz avtomobil idarə etdiyini göstərmir. Təhlükəsizlik baxımından əsas meyar sürücünün təcrübəsinin müddəti deyil, bilik səviyyəsi, intizamı, riskləri düzgün qiymətləndirməsi və yol hərəkəti qaydalarına əməl etməsidir. Peşəkar sürücülük təhlükəli vəziyyətdən çıxmaq bacarığı ilə deyil, həmin vəziyyətin yaranmasının qarşısını almaq bacarığı ilə ölçülür. Yol-nəqliyyat hadisələrində ölüm hallarını minimuma endirmək üçün sürücülərin hazırlanması, yol infrastrukturu, nəqliyyat vasitələrinin texniki təhlükəsizliyi və nəzarət mexanizmləri paralel şəkildə təkmilləşdirilməlidir".
Aytəkin TOFİQQIZI













