Azərbaycanda "Qara cümə"də qiymət oyunu: "Əvvəl bahalaşdırılır, sonra endirim edilir" - Marketoloq AÇIQLADI
Bildiyimiz kimi, sabah ilin ən çox gözlənilən alış-veriş günlərindən biri olan “Qara cümə” (Black Friday) keçiriləcək. Bu gün bir çox mağaza və ticarət mərkəzləri müxtəlif məhsullara böyük endirimlər vəd edir, alıcıları cəlb etmək üçün xüsusi kampaniyalar təşkil edirlər. Bəzi məhsulların qiymətində ciddi endirim edildiyi bildirilsə də, bu kampaniyaların nə dərəcədə real və sərfəli olduğu hər zaman müzakirə mövzusudur.
Bəs “Qara cümə” nədir və bu ənənə haradan yaranıb? Sözügedən alış-veriş günü həqiqətən istehlakçılara daha ucuz qiymətlərlə məhsul əldə etmək imkanı yaradır, yoxsa bəzi satıcılar bu fürsətdən istifadə edərək alıcıları aldadırlar?
Mövzu ilı bağlı Redaktor.az-a açıqlamasında marketoloq Nicat Manafov bildirdi ki, əksər mağazalarda, xüsusən Azərbaycanda tətbiq olunan endirimlər qeyri-real görünsə də, xarici onlayn alış-veriş mağazalarında, xüsusilə tanınmış brendlərin məhsullarında real endirimləri müşahidə edirik:

"Bu, illərdir davam edən bir ənənədir. Əsas məntiq ondan ibarətdir ki, artıq 2026-cı ili yekunlaşdırırıq və 2027-ci il yaxınlaşır. Mağazalar 2026-cı ilin artıq köhnələn məhsullarını indidən satırlar ki, 2027-ci ilin yeni məhsullarına yer açılsın. Məsələnin əsas mahiyyəti də bundan ibarətdir. Bəzi kateqoriyalarda, xüsusilə elektronika və digər bu kimi məhsullarda böyük endirimlər olmur, yalnız müəyyən istisna endirimlərə rast gəlinir. Amma geyim, ayaqqabı və digər kateqoriyalarda xarici mağazalarda həqiqətən real endirimləri görmək mümkündür. Azərbaycanda da istisna hallarda real endirimlərə rast gəlinir. Lakin müşahidələrimiz göstərir ki, ölkəmizdəki endirimlərin çoxu qiymətlərin əvvəlcədən, məsələn, bir həftə öncə qaldırılması, daha sonra isə yenidən endirilməsi üsulu ilə həyata keçirilir. Başqa sözlə, istehlakçının qiymət barədə təsəvvürünə təsir göstərməklə endirim görüntüsü yaradılır".
NURİYYƏ













