Şəki faciəsində "zipline" işçisinin təşviqi: İki gəncin ölümünə görə kimlər məsuliyyət daşıyır?

 13:34 26.11.2026     62

Bu il sentyabrın 8-də Şəki rayonunun Baş Kəldək kəndində yerləşən “Şəki yaylası” Ailəvi istirahət mərkəzində Azərbaycan cəmiyyətində və ictimai şüurunda böyük rezonans doğuran faciə baş verdi. Belə ki, toylarının birinci ildönümünü daha xoş xatirələrə çevirmək arzusu ilə dostunun ailəsi ilə birlikdə “Şəki yaylası”na gedən Ucal Asif oğlu Bayramov kanatla sürüşmə (zipline) qurğusundan istifadə zamanı kanat trosunun qırılması nəticəsində dostu Coşqun Məmmədzadə ilə birlikdə 40-50 metr yüksəklikdən yerə düşərək faciəli şəkildə həlak oldu.

Təbii ki, baş verən faciə kontekstində sağlam məntiq onu deməyə əsas verir ki, əgər "zipline" qurğusunu işlədən şəxs gəncləri bu attraksiondan istifadə etməyə təşviq etməsəydi, bəlkə də bu dəhşətli hadisə yaşanmaz, iki gənc həyatını itirməzdi.

Baş verən cinayət faktına bu aspektdən yanaşaraq həmin şəxsin davranışını hüquqi müstəvidə necə qiymətləndirmək olar? Faciə ilə bağlı yayılan məlumatlar belə bir qənaət yaradır ki, "zipline" qurğusunu işlədən şəxslər bu sahədə ixtisaslaşmış peşəkarlar olmayıblar. Faciəyə səbəb olan amillərdən biri kimi bu fakt istintaq predmeti olmalıdırmı? Qeyri-peşəkar şəxslərin işə götürülməsinə görə məsuliyyət daşıyan rəhbər şəxslər barəsində də hüquqi məsuliyyət yaranırmı? Yaranırsa, bu, hansı məsuliyyət formalarıdır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında vəkil Mürsəl Bədəlov bildirdi ki, bu faciə, gerçəkdən, son dərəcə ağır hadisədir və onun mənəvi-psixoloji acısını ifadə etməkdə sözlər acizdir:

"Mən də şahidi oldum ki, iki gənc ailənin yaşadığı bu dəhşətli faciə Azərbaycan cəmiyyətində, haqlı olaraq, çox güclü rezonans doğurdu və cəmiyyət monolit bir qüvvə kimi günahkarların cəzalandırılması tələbi ilə dövlətimizə çağırış etdi. Mən uzun illərdir vəkillik fəaliyyəti ilə bağlı məhkəmə-istintaq orqanları ilə çalışan peşəkar hüquqşünas kimi inanıram ki, bu faciəyə səbəb olan ən xırda detal belə qanunlarımızın və istintaqın diqqətindən yayınmayacaq, bu faciədə məsuliyyət payı olan hər kəs öz layiqli cəzasını alacaqdır.

İlk suala gəlincə, cinayət hüququnda cinayətdə iştirakçılıq anlayışı vardır. Cinayətin iştirakçıları cinayətin icraçısı, təşkilatçısı, təhrikçisi və köməkçisi hesab olunurlar. Təhrikçinin anlayışı Cinayət Məcəlləsinin 32.4-cü maddəsində verilmişdir.

Belə ki, ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Göründüyü kimi, təhrikçinin niyyəti digər şəxsi məhz cinayətə sövq etməkdir. Lakin buradakı situasiyaya bir qədər fərqli bucaqdan baxaq.

"Zipline" qurğusunu işlədən şəxs (mən qəsdən “işçi” demirəm, ona görə ki, hələ məlum deyil, onunla əmək müqaviləsi bağlanılıb, ya yox), əgər həmin gənclərə bu və ya digər formada psixoloji-emosional təsir edərək onları qərarlarından döndəribsə, bu, bilavasitə cinayətə sövq etmə deyil. Ancaq burada təşviq etmə faktından danışa bilərik.

Hesab edək ki, mən bu sudan içmək istəmirəm, lakin sən suyun dadını-tamını tərifləyib məni içməyə sövq edirsən və mən bu suyu içən zaman boğulub ölürəm. Sən məni bilavasitə ölümə sürükləmədin, ancaq təşviqin ölümlə nəticələndi.

Bu, hüquqi baxımdan xeyli həssas məsələdir və düşünürəm ki, istintaq bu faktı hərtərəfli araşdıracaq. Baş vermiş cinayət faktına dediyiniz aspektdən yanaşsaq, həmin şəxsin – "zipline" qurğusunu işlədən şəxsin – bu davranışı bilavasitə cinayət tərkibi yaratmasa da, onun məsuliyyəti ehtiyatsızlıqdan iki və daha çox adamı öldürmə kimi qiymətləndirilir.

Əgər dediyiniz kimi, təhrik edən şəxs əmək müqaviləsi bağlamadan fəaliyyət göstəribsə, rəhbərə (yaxud hüquqi şəxsə) qarşı müvafiq inzibati məsuliyyət də yaranır. Burada böyük məbləğdə inzibati cərimələr nəzərdə tutulub".

İkinci sualımıza cavab verən müsahibimiz məlumat üçün vurğuladı ki, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi fəaliyyət göstərir:

"Həmin Agentliyin əsasnaməsinə görə, onun tərkibində müfəttişliklər yaradılır. Həmin müfəttişliklərdən biri də Qazan, qaldırıcı və energetika qurğularında işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyidir. Attraksionlarda, o cümlədən "zipline"larda texniki nəzarətin təşkili və icrasını həmin Müfəttişlik həyata keçirir.

Hər bir mexanikləşdirilmiş attraksion quraşdırılmazdan əvvəl onun yerləşəcəyi ərazi barədə məlumatlar yuxarıda qeyd etdiyim Agentliyə verilməlidir. Bundan əlavə, "zipline"ın müvafiq texniki pasportu olmalıdır. "Zipline" sözügedən Agentlik tərəfindən qeydiyyata alınmalı və müvafiq ekspertizadan keçirilməlidir. Hətta, səhv etmirəmsə, bu cür attraksionların dövlət reyestri aparılmalıdır.

Orada çalışan şəxslər mühəndis qurğuları və texniki işlər üçün məsuliyyət daşımalıdırlar. Onların fəaliyyəti zamanı orada çalışanlara xüsusi vəsiqə verilməli və onlar müvafiq qaydada təlimatlandırılmalıdırlar.

Eyni zamanda, zavod istehsalı olmayan və ya kustar üsulla düzəldilən "zipline"ın istismarına icazə verilməməlidir. Agentlik ildə bir dəfə həmin qurğularda yoxlama aparmalıdır. Bütün bunlar araşdırılmalı və bu məsələlərə görə də nəticələrə hüquqi qiymət verilməlidir".

Son sualımızı cavablandıran vəkil nəzərə çatdırdı ki, qeyri-peşəkar şəxslərin işə götürülməsinə, yaxud onlarla ümumiyyətlə əmək müqaviləsi bağlanılmamasına görə rəhbər şəxslər özləri də qanunvericiliklə nəzərdə tutulmuş qaydada cinayət və inzibati məsuliyyət daşıyırlar.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən