Bakıda maaş az, rayonda çox olmalıdır - Regionlara qayıdış üçün TƏKLİF

 14:11 26.11.2026     35

"Regionlardan paytaxta axın məsələsi təkcə demoqrafik məsələ deyil, bu, həm də iqtisadi məsələdir. Əgər regionlarda əhali qalarsa və işləyərsə, şübhəsiz ki, bu, ölkə iqtisadiyyatına töhfə deməkdir".

Bu sözləri Redaktor.az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev insanların regionlardan paytaxta niyə üz tutduqlarından danışarkən bildirdi.

Onun sözlərinə görə, regionlardan paytaxta axın həm də qlobal bir prosesdir:

"Dünya ölkələrində urbanizasiya prosesi gedir. Deyə bilərik ki, Azərbaycanda da oxşar proses gedir. Cənab prezident də mütəmadi olaraq buna münasibət bildirir. Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramı qəbul olunub və bu proqram çərçivəsində regionlarda xeyli yol infrastrukturu, qazlaşdırma, elektrik stansiyalarının salınması, su təchizatı ilə bağlı məsələlər həll olunub, amma bu, davamlı bir prosesdir. Güman edirəm ki, bu, davam edəcək. Bununla yanaşı, həm də regionlardan paytaxta axının qarşısını almaq üçün gənclərin yaş psixologiyasına uyğun iş yerlərinin açılması, gənclərin regionlarda qalıb işləməsi üçün şəhərlə kənd arasındakı fərqləri azaltmaq lazımdır. Çünki gənclər öz ehtiyaclarını ödəmək üçün daha çox paytaxta, mərkəzi şəhərlərə üz tutur. Bunun qarşısını almaq üçün kəndlərdə olmasa, rayon mərkəzlərində şəhərə, paytaxta yaxın uyğun bir şərait yaratmaq lazımdır. Gənclər öz mənəvi ehtiyaclarını ödəmək üçün paytaxta, mərkəzi şəhərlərə gəlməsinlər, elə rayon mərkəzlərində qalsınlar".

Müsahibimiz vurğuladı ki, məşğulluqla bağlı iş yerlərinin açılmasına baxdıqda, iş yerlərinin 70 faizindən çoxu Bakı-Abşeron yarımadasının payına düşür:

"Yaxşı olar ki, regionlarda iş şəraiti yaradılsın ki, məhz paytaxta üz tutmasınlar. Həm də regionlarda əməkhaqqı stimullaşdırıcı olmalıdır, yəni paytaxta, mərkəzi şəhərlərə nisbətən daha stimullaşdırıcı olmalıdır, daha yüksək olmalıdır. Bəzi ölkələrdə bu tətbiq olunur. O örnəklərdən istifadə etmək lazımdır. Misal üçün, 2015-2017-ci illərdə Türkiyədə bir layihə var idi. Bu layihə çərçivəsində kəndçiyə 300 sığortalı qoyun verilir. Həmin qoyun kəndçiyə verildikdən sonra aylıq minimum əməkhaqqı da verilir. Bu şərtlə ki, kəndçi üç il ərzində həmin qoyunlara toxunmasın, üç ildən sonra artıq həmin qoyunlardan gəlir götürə bilər. Eyni zamanda, Türkiyədə 2017-2019-cu illər ərzində 300 min nəfər paytaxtdan, mərkəzi şəhərlərdən regionlara geri dönüş edib. Bu, çox ciddi bir rəqəmdir. Oxşar layihə Azərbaycanda da tətbiq oluna bilər. Düzdür, bizdə özünüməşğulluq proqramı çərçivəsində oxşar layihə olur, ancaq bunu daha effektiv, daha əhatəli etmək olar ki, regionlara axın olsun".

Ü.Şəfiyev diqqətə çatdırdı ki, regionlarda gənclərin kiçik və orta sahibkarlıq fəaliyyəti üçün şərait yaratmaq lazımdır:

"Çox yaxşı olar ki, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana tətbiq olunan vergi güzəştləri, eləcə də sosial sığorta güzəştləri digər rayonlara da tətbiq olunsun. Bu, təkcə demoqrafik axının qarşısını almaq üçün deyil, həm də ölkə iqtisadiyyatına töhfə vermək üçündür. Nəzərə alaq ki, Azərbaycan ətə olan tələbatının 83 faizini özü təmin edir, yerdə qalan ət çatışmazlığını xaricdən idxal edir. Taxıla olan tələbatının 55 faizini özü təmin edir, yerdə qalanını xaricdən idxal edir. Baxmayaraq ki, Azərbaycan aqrar ölkə olub".

Həmsöhbətimiz regionlarda tibbi əlçatanlıq, səhiyyə əlçatanlığı, həkim təminatı ilə bağlı problemlərin olması məsələsinə də toxundu:

"Baxmayaraq ki, cənab prezident bütün rayonlarda, demək olar ki, diaqnostika mərkəzləri, səhiyyə ocaqları açıb, ancaq həkim çatışmazlığı var. Ölkədə 100 min tibb işçisi olsa da, cəmi 37 min həkim var. Onların rayonlar üzrə düzgün paylanmasına ehtiyac var ki, rayonlardan sakinlər səhiyyə ehtiyaclarına görə paytaxta, mərkəzi şəhərlərə üz tutmasınlar, elə rayon mərkəzlərində problemləri həll edə bilsinlər. Eləcə də təhsilə əlçatanlıq və sosial əlçatanlıq məsələsi var. Yəni elə ailələr var ki, sağlamlıq imkanları məhdud olan uşaqları var, əlilliyi olan uşaqları var. Onların reabilitasiya və abilitasiya proqramlarına qatılması üçün paytaxta, mərkəzi şəhərlərə köçməyə məcbur olurlar. Belə məqamlar var".

Sosioloq mədəni, mənəvi ehtiyaclarını ödəmək məsələsinin olduğunu da bildirdi:

"Əvvəllər, məsələn, yaxşı örnəklər var idi: teatr truppaları, mədəniyyət işçiləri rayonlara, kəndlərə gedirdilər. O tipli tədbirləri keçirmək olar, böyük kütləvi mədəni tədbirləri rayon mərkəzlərində keçirmək yaxşı olar. Ümumiyyətlə, belə tədbirlərin tətbiqinə ehtiyac var ki, regionlardan paytaxta axının qarşısını alsın, həm də ölkə iqtisadiyyatı dirçəlsin".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən