"Bakıda son 2 ayda 48 eskalator xarab olub" Anar Nəcəflidən AÇIQLAMA

 14:51 05.04.2019     745

Bakıda son 2 ayda 48 eskalator xarab olub...

Paytaxtımız kimi onun problemləri də hər gün böyüyür, inkişaf edir. Söhbət şəhərin mərkəzi küçələrində, xüsusilə "28 may" metrosu ətrafındakı sıradan çıxmış eskalatorlardan gedir.

Mövzu dəfələrlə araşdırılsa da, hər hansı bir nəticə əldə olunmayıb. Redaktor.az olaraq sözügedən problemin nə vaxt həllini tapacağıyla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfliyə müraciət etdik. Anar Nəcəfli bir neçə ay əvvəl eskalator probleminin həllinə dair suala ehtiyat hissələrinin artıq sifariş olunduğunu və yaxın günlərdə gələcəyi cavabını vermişdi. Bu dəfə sualın istiqamətini dəyişərək ölkəyə eskalatorları gətirən zaman onların xarab olma ehtimalının niyə düşünülmədiyini soruşduq. Çünki bu halda ehtiyat hissələri üçün baza olması daha məqsədəuyğun olardı. Anar Nəcəfli suala “ah” çəkərək belə münasibət bildirdi:

“Gözəl sualdır, amma onun üçün bir qədər maliyyə vəsaiti ayrılmalıdır. Ümumiyyətlə, eskalatorların açıq havada yerüstü və yeraltı keçidlərdə quraşdırılması düzgün deyil. Çünki açıq hava şəraitində eskalatorlar tez sıradan çıxır. Vaxtilə piyada keçidləri tikiləndə Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə eskalatorlar quraşdırdıq. Əslində isə belə praktika dünyanın heç bir ölkəsində yoxdur".

Bu cavabın qarşılığında beyində şəhərdəki saysız-hesabsız, hündür, çoxpilləli piyada keçidləri canlanır. Hansı ki, onların qocalar, xəstələr tərəfindən çıxılması imkansızdır. Bəs vətəndaşlar bu halda nə etməlidir? Agentlik rəsmisi bu sualı belə cavablandırdı: 

“Onlar üçün xüsusi pandus və elevatorlar mövcuddur ki, yeni tikilən keçidlərdə istifadəyə verilib və həmin keçidlərdə nəzarətçilər olur. Fiziki qüsurlu şəxslər onlara müraciət etdikdə elevatorlar işə salınır. Bəzi keçidlərdə isə liftlər quraşdırılıb. Geri qalan sağlam insanlar isə bu pilləkənlərdən ən azı öz sağlamlıq və təhlükəsizlikləri üçün istifadə etməlidir. Dünyanın bütün ölkələrində keçidlər pilləkənlərlədir və heç kim keçiddən istifadə etməmək üçün bəhanə gətirə bilməz. İstər qocalar, istərsə də cavanlar”.

Sonda xüsusən sözügedən ərazidəki eskalatorların probleminin nə zaman öz həllini tapacağı ilə maraqlandıq. Nəcəflinin sözlərinə görə, artıq şəhərdə demək olar ki, eskalator problemi qalmayıb:

"2018-ci ildə paytaxtda 60-dan çox sıradan çıxmış eskalator təmir olunub. Bu il 1 mart tarixinə qədər isə 48 eskalator xarab olub. 1 mart tarixinə qədər isə 48 eskalator xarab o Onların 27-si artıq təmir olunub. Geridə qalan 21 eskalatorun təmiri üçün işlər aparılır. Vurğuladığınız "28 may" metrosu ərazisində isə 6 eskalator işləmirdi. Onun da artıq 4-ü düzəldilib, 1-i tam olaraq sıradan çıxıb, 1-i isə yaxın günlərdə təmir olunacaq". 

Nərmin Həsənli / REDAKTOR.AZ