Kələm niyə YİYƏSİZ QALDI? İxraca nəzarət hansı quruma aiddir?

 17:41 05.04.2019     595

Son vaxtlar qardaş Türkiyənin daxili bazarında müəyyən məhsullarda qıtlığın yaranması, bu ölkəyə ixrac etdiyimiz məhsulların həcminə əhəmiyyətli dərəcədə təsir edib. Nəticədə, Azərbaycanda meyvə-tərəvəz məhsullarının qiyməində artım qaçılmaz olub. Hər halda, bunu rəsmi qurumlar da etiraf edir. Bu acı həqiqət ilk olaraq soğanla gözümüzü yaşartdı... Sonra, kələm "gül" açdı, nə açdı...70-80 qəpikdən 1 manat 50 qəpiyə qədər qiymətə minən kələm, sonuncu olmaya bilər. Mövcud vəziyyət belə bir sual doğurur: görəsən, ixracatın tənzimlənməsi ilə bu problemi həll etmək olarmı və ya ümumiyyətlə, bu işlə hansı qurum məşqul olmalıdır?

Bu sualla aidiyyatı hesab etdiyimiz bir neçə quruma müraciət etsək də, ünvan müxtəlif istiqamətlərə yönləndirildi, nəticədə sualımıza cavab tapa bilmədik. İş qaldı ekspertlərə...

 Nicat Nəsirli Redaktor.az-a vəziyyəti belə şərh etdi:

“2018 – ci ilin aprel ayında müəyyən islahatlar oldu, silsilə fərmanlar verildi. Onlardan biri də İqtisadiyyat Nazirliyinə tabe olan Antiinhisar Dövlət Xidmətinin ləğv olunması ilə bağlı idi. Həmin fərmanda göstərilirdi ki, bu qurum ləğv olunduqdan sonra, onun əvəzinə "İstehlak Bazarına Nəzarət Xidməti" yaradılsın. Fərman var, qurum yox. Ona görə də, hazırda bazara nəzarət edəcək hər hansı bir qurum yoxdur. Ötən il belə bir fikir də irəli sürüldü ki, biz hazırda liberal bazar iqtisadiyyatında yaşadığımıza görə, qiymətləri bazar özü diktə etməlidir”.

Ekspertin şərhinə əlavə olaraq, qonşu ölkə İranda ərzaq məhsullarının ölkədən çıxışına qadağa qoyulması faktını vurğuladıq. Analoji qadağanın Azərbaycanda da tətbiq olunub-olunmayacağını soruşduq. Nicat Nəsirli bunu ölkəmiz üçün qaçılmaz hesab edir:

“Oktyabrdan sonra, bizim təlabatımız özünün ən yüksək həddinə çatacaq və biz, idxaldan asılı vəziyyətə düşəcəyimizə görə embarqo qaçılmaz olacaq. Ümumilikdə bu funksiya hazırki vəziyyətdə Nazirlər Kabinetinə aiddir”.

Bəzi ekspertlər düşünür ki, əslində, İqtisadiyyat Nazirliyi strateji və ya daha çox təlabat olan məhsullarda qıtlığın yaranmaması üçün, xüsusi saxlanma şəraitində bu məhsulların ehtiyatını təmin etməlidir. Ancaq,  Nicat Nəsirli hesab edir ki,  İqtisadiyyat Nazirliyinin belə bir öhdəliyi yoxdur:

“Belə bir funksiya Fövqaladə Hallar Nazirliyində var ki, bu qurum strateji məhsul sayılan taxılla bağlı zəruri tədbirləri görür". 

O ki, qaldı kələmə, onun ömrünə bir şey qalmayıb...

Nərmin Həsənli /REDAKTOR.AZ