BAKI: Avtobusda qadının ürəyi sıxıldı Hərəkət dayandı

 18:35 05.04.2019     575

Bakıda avtobusa minən sərnişinin ürəyi gedib.

Bu gün səhər saatlarında Bakı Beynəlxalq Avtovağzal Kompleksi-“Əhmədli” metrostansiyası istiqamətli, 7A nömrəli avtobusda gərgin anlar yaşanıb. Belə ki, sıxlıq və havasızlıq sərnişinlərdən birinin vəziyyətinin pisləşməsinə səbəb olub. “Bakubus” sürücüsünün və sərnişinlərin müdaxiləsi nəticəsində xanımın vəziyyəti normallaşsa da, qeyd etmək istəyirik ki, sözügedən marşrut xətti istiqaməti üzrə hər gün eyni saatlarda sərnişin sıxlığı yaşanır.

Bununla yanaşı “Bakubus”larda havasızlıq şəraitinin hökm sürməsi ciddi narahatlığa səbəb olur. Havasızlığa səbəb isə sözügedən marşrut avtobuslarında açılan pəncərələrin az, havalandırma sistemlərinin isə çalışmamasıdır. Problemlə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevə müraciət etdik. Agentlik rəsmisinin məsələyə münasibəti belə oldu:

“7A marşrut xətti üzrə gündəlik 23-ə yaxın avtobus sərnişinlərə xidmət göstərir. Üstəlik. onlar həm  müasir və komfortlu, həm də iritutumlu avtobuslardır. Havasızlıqla bağlı məsələyə aydınlıq gətirərək deyim ki, “BakuBus” avtobuslarında müasir havalandırma, sərinlətmə və isitmə sistemi var. Yay mövsümündə də sərinlətmə sistemindən istifadə edilir”.

Bəs bütün bu deyilənlərə inansaq, səhər baş verən hadisənin səbəbini nədə axtaraq?

Bu sualı Mais Ağayevə də verdik. Ağayev bildirdi ki, hadisəyə səbəb kimi sıxlığı göstərmək olar.

Nərmin Həsənli / REDAKTOR.AZ