Böyük Britaniyada “qeyri-Avropa” pasportlarının verilməsinə başlanılıb

 17:54 06.04.2019     198

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi “Avropa İttifaqı” sözünün olmadığı pasportların verilməsinə başlayıb.

Redaktor.az Azərtaca istinadla xəbər verir ki, cildinin ön tərəfində “Avropa İttifaqı” sözü yazılmayan qırmızı rəngli pasportlar 2019-cu il martın 30-dan etibarən dövriyyəyə buraxılıb. “Əldə olan ehtiyatları istifadə etmək və vergiödəyicilərinin daha çox mənfəət götürməsini təmin etmək üçün “Avropa İttifaqı” sözlərinin yazıldığı pasportlar həmin tarixdən sonra qısa müddət ərzində buraxılacaq”, - deyə XİN-in rəsmi nümayəndəsi bildirib.

Brexit prosesi baş verməyənə qədər britaniyalılar həm köhnə, həm də yeni pasportlar alacaq, lakin sənədlərin növünü seçə bilməyəcək. Cari ilin sonunadək hökumət göy cildli milli pasportların verilməsini planlaşdırır.

Xatırladaq ki, 2016-cı ildə keçirilən referendumun nəticələrinə əsasən, Böyük Britaniya 2019-cu il martın 29-dan gec olmayaraq Avropa İttifaqını tərk etməli idi. Aprelin 5-də Birləşmiş Krallığın Baş naziri Tereza Mey Avropa İttifaqından Brexit tarixini 2019-cu il iyunun 30-na keçirməyi xahiş edib.