Bəzi dayanacaqlarda "BakıKart" terminalı niyə YOXDUR? Qurum rəsmisi AÇIQLADI

 11:48 08.04.2019     648

Paytaxt sakinlərinin demək olar ki, hər gün istifadə etdiyi "BakıKart" ödəmə terminallarıyla bağlı yenə şikayət var. 

Sərnişinlərin narazılığı "Avtovağzal" və "Koroğlu" metrostansiyalarının ətrafındakı avtobus dayanacaqlarında ödəmə terminallarının olmaması ilə bağlıdır. Bu da vətəndaşların mənzil başına lazımi vaxtda çatmasına mane olur. Geriyə 2 çıxış yolu qalır. Ya kartının balansında pul olanlara keçid üçün xahiş, minnət etmək, ya da uzun məsafə qət edərək metro stansiyasındakı terminallardan istifadə etmək.

Problemlə bağlı Redaktor.az-a danışan Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə mövcud vəziyyəti inkar edərək terminalların demək olar ki, hər yerə qoyulduğunu bildirib:

“Hazırda Bakı Metropoliteni stansiyalarında 148, avtobus dayanacaqlarında 51 ədəd “BakıKart”, "MilliÖN"ə məxsus 188 ədəd ödəmə terminalı var.

Hər dayanacaqda ödəmə terminalı olmalıdır deyə bir tələb yoxdur. Bu gün şəhərdə yetərincə terminallar var. Bəzən terminalların fəaliyyətində nasazlıq olur, amma bunlar da qısa vaxtda aradan qaldırılır.

Bildiyiniz kimi bu il kartla çalışan xətlərin əhatə dairəsi daha da genişləndiriləcək. Bu halda terminalların da sayı artacaq. Həm də kart sisteminin əhatə dairəsi genişləndikdən sonra artıq onlayn yükləmələr də mümkün olacaq".

Nərmin Həsənli / REDAKTOR.AZ