Yol polisindən maşınlara gerb vurulması qadağası ilə bağlı AÇIQLAMA

 17:08 09.04.2019     198

Son vaxtlar avtomobilin arxa şüşəsinə dövlət gerbinin vurulması sanki dəb halını alıb. Xüsusən də gənc sürücülər avtomobillərə bu tip dövlət atributlarını yapışdırmağa böyük maraq göstərir. Onlar sanki bu üsulla avtomobili fərqləndirmək istəyirlər.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin nəzərinə çatdırır ki, dövlət atributunun hər hansı bir nəqliyyat vasitəsinin üzərinə yapışdırılması və bu şəkildə istifadə olunması yolverilməzdir.

Bakı şəhər Dövlət yol polis idarəsinin bölmə rəisi Vaqif Əsədov Redaktor.az-a bildirib ki, dövlət atributunu əldə edən şəxslər onu təyinatına uyğun şəkildə istifadə etməlidirlər.

Qeyd edək ki, gerbi avtomobilin arxa şüşəsinə vurub idarə etməyin heç bir cəriməsi yoxdur. Çəkiliş apardığımız zaman gerbi avtomobilinə yapışdıran sürücülər kamera qarşısında danışmaq istəmədilər. Amma şifahi olaraq bunu vətənpərvər olmaları ilə əlaqələndirdilər.

Bu ilin fevral ayında Milli Məclisdə ''Dövlət gerbinin istifadəsi qaydaları haqqında'' qanun layihəsi qüvvəyə minib. Layihəyə əsasən, dövlət gerbi Konstitusiya qanununa uyğun təsvir edilməli və nəzərdə tutulan qaydada istifadə edilməlidir. Dövlət gerbinin oturulan, ayaq basılan və natəmiz yerlərə vurulması və ya həmin yerlərdə təsvir edilməsi qadağandır.