Məmurlar GƏLİRLƏRİNİ niyə açıqlamır? Millət vəkili DANIŞDI

 11:35 10.04.2019     2103

Vəzifəsindən sui-istifadə edən məmurların yığdığı varidat, hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır.

2005-ci ildə Azərbaycanda “Vəzifəli şəxslərin gəlir deklarasiyası haqqında” Qanun qəbul edilib. Prezident bəyannamə formasının hazırlanması ilə bağlı Nazirlər Kabinetinə üç ay vaxt vermişdi. Həmin qanuna görə, vəzifəli şəxslər ildə bir dəfə öz gəlirləri barədə məlumat verməli idi. Lakin qanunun qəbulundan 14 il keçsə də, qanunun tətbiqi hələ də reallaşmayıb.  

Məsələ ilə bağlı Redaktor.az-a danışan millət vəkili Vahid Əhmədov bildirdi ki, Azərbaycanda çox ciddi siyasi, iqtisadi institusional kadr islahatları gedir:

“Burada əsas məqsəd şəffaflığı təmin etmək, müəyyən qədər korrupsiyanın qarşısını almaq, kölgə iqtisadiyyatını aradan qaldırmaqdır. Bu işlərə mane olan ən ciddi problemlərdən biri, gəlir deklarasiyasının tətbiq edilməməsidir. Gəlir deklarasiyası vəzifədə olan insanların öz gəlirlərini, əmlaklarını göstərməsidir”.

V.Əhmədov vurğulayıb ki, artıq bu qərarı həyata keçirməyin vaxtı çatıb:

“Mənə elə gəlir ki, dövlət məmurların gəlirlərinə uyğun olaraq, analizlər aparmalı və müəyyən nəticələrə gəlməlidir. Bu qanun çoxdan qəbul edilməsinə baxmayaraq, hələ də icra olunmayıb. Ciddi islahatlara başlanıldığı vaxtda, gəlir deklarasiyası ilə bağlı hökumətin qərarları birmənalı olaraq tətbiq edilməlidir”.

Millət vəkilinin sözlərinə görə, mətbuatda bəzi məmurların mütəmadi olaraq mülklərinin siyahısının ictimailəşdirilməsi təsadüfi deyil:

“Bu işlərlə xüsusi xidmət orqanları məşğul olmalıdır. Belə hadisələr varsa, bu, mütləq araşdırılmalıdır. Həmin məmurun vəzifəsindən sui-istifadə edərək yığdığı varidatın araşdırılması hüquq-mühafizə orqanları tərəfindən aparılmalıdır”.

Firuzə Vahid / REDAKTOR.AZ