İlham Əliyev Allahşükür Paşazadə ilə bağlı SƏRƏNCAM İMZALADI

 17:19 09.04.2019     465

Prezident İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

2019-cu ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illiyi tamam olur.

Şeyxülislam Allahşükür Paşazadə bütün həyatı boyu cəmiyyətdə mənəvi-əxlaqi dəyərlərin və milli həmrəyliyin bərqərar olunması yolunda səmərəli fəaliyyət göstərmiş, yaxın tarixi keçmişdə xalqımızın yaşamış olduğu taleyüklü hadisələr zamanı həm dini rəhbər, həm də ictimai xadim kimi yüksək vətənpərvərlik və əsl vətəndaş mövqeyi nümayiş etdirmişdir. O, ölkəmizdə beynəlxalq hüquq normalarına və mütərəqqi tarixi ənənələrə əsaslanan dövlət-din münasibətlərinin formalaşması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və təbliği sahəsində səmərəli xidmətlər göstərməkdədir.

Müxtəlif konfessiyaların dini liderləri arasında böyük nüfuza malik olan Şeyxülislam Allahşükür Paşazadə bir çox beynəlxalq dini qurum və mərkəzlərin rəhbərliyində təmsil olunmaqla, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, ayrı-ayrı etiqadlar arasında qarşılıqlı etimad mühitinin yaradılmasına sanballı töhfələr verir.

Sərəncamda qeyd olunur ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsinin təkliflərini nəzərə almaqla, Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu srəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.