Bu günə qədər 1,2 milyard manatdan çox ipoteka krediti verilib

 19:00 09.04.2019     431

Aprelin 1-ə qədər İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 1,2 mlrd. manatı keçib, 26000-dən çox ailə ipoteka krediti hesabına mənzil şəraitinin yaxşılaşdırılmasına nail olub.

Fonddan Redaktor.az-a verilən məlumata görə, bu kreditlərin 380,3 mln. manatdan çox hissəsini (7854 ədəd) güzəştli kateqoriyalara aid şəxslərə verilmiş ipoteka kreditləri təşkil edib. Ümumilikdə, 2006-2019-cu illərdə (01 aprel 2019-cu il tarixinədək) Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67.9%-ni gənclər və gənc ailələr təşkil edib, kreditlərin 19.5%-i isə regionlarda verilib.

Fondun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsinə nəzər saldıqda, son illər ərzində bu sahədə kifayət qədər müsbət dinamikanın baş verməsini görmək olar. Belə ki, 2017-ci ildə Fondun xətti ilə 3109 nəfər ailəyə 203 mln. manat məbləğində, 2018-ci ildə isə 3960 ailəyə 273 mln. manat məbləğində ipoteka krediti verilib. 2019-cu ilin yanvar-mart ayları ərzində isə artıq 796 ailə ipoteka kreditləri vasitəsilə (52,4 mln.manat) mənzil əldə edib.

2018-ci ildən etibarən Fond tərəfindən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) xətti ilə satışa çıxarılan güzəştli mənzillərin ipoteka kreditləri vasitəsilə satışının dəstəklənməsi də həyata keçirilir. Təkcə 2019-cu ilin yanvar-mart aylarında Fondun xətti ilə 122 şəxsə MİDA-nın sərəncamında olan güzəştli mənzillərin alınması üçün ümumilikdə 5,3 mln. manat məbləğində ipoteka krediti verilib. Ümumilikdə, 01 aprel 2019-cu il tarixinə Agentliyin sərəncamında olan güzəştli mənzillərin maliyyələşdirilməsi üçün verilən ipoteka kreditlərinin məbləği 15,4 mln. manat (353 ədəd) təşkil edib.