Çətin həyat şəraitində olan uşaqlar üçün MÜJDƏ

 01:41 10.04.2019     646

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri əsasında ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları tərəfindən icra olunan sosial xidmət layihələrinin bir istiqaməti də ölkəmizin müxtəlif bölgələrində günərzi mərkəzlərin yaradılmasına yönəlib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Redaktor.az-a məlumat verilib.

Verilən məlumata görə, nazirliyin sifarişi ilə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən icra olunan müvafiq layihə çərçivəsində Masallı və Zaqatala rayonlarında da günərzi mərkəzlər yaradılıb.

Hər iki mərkəz çətin həyat şəraitində olan 3-12 yaş arası 60-dək uşağı reabilitasiya məqsədli sosial xidmətlərlə təmin edir. Onlardan bir hissəsi sağlamlıq imkanları məhdud olan uşaqlardır.

Mərkəzlərdə uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif tədbirlər görülür. Onlar maraq və bacarıqlarından asılı olaraq dərnəklərə cəlb edilir, eyni zamanda məktəbdə oxuyan uşaqların ev tapşırıqlarının hazırlanmasına köməklik göstərilir.

Uşaqların psixo-sosial inkişafı məqsədilə mərkəzlərdə sosial işçilər, pedaqoqlar, tərbiyəçilər, psixoloqlar çalışırlar. Uşaqlar gün ərzində 3 dəfəyeməklə təmin olunurlar.

Bu və ölkəmizin digər bölgələrində fəaliyyət göstərən günərzi mərkəzlərdə aparılan işlər nəticə etibarilə çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışına imkan verir. Qeyd olunan kateqoriyadan olan uşaqlarla aparılan səmərəli işlər onların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınmasına öz töhfəsini verir.

Redaktor.az
 

222