Ürəyi gedən, yıxılan, əsəbi sərnişinlər... Bakının AVTOBUS PROBLEMİ

 12:17 10.04.2019     549

Yenə həmin avtobus, yenə həmin problem...

Bu gün səhər saatlarında “BakuBus” MMC-yə məxsus 7A nömrəli avtobusda sərnişinlərdən birinin ürəyi sıxıldı. Avtobusda sərnişinlərin sıxlığı, həmçinin havalandırma sisteminin demək olar ki çalışmaması hər səhər olduğu kimi bu səhər də problem yaratdı. Nəticədə, gənc bir xanım səhhətiylə bağlı avtobusu vaxtından əvvəl tərk etməli oldu. Avtobus isə həmin sıxlığı gücləndirməklə yoluna davam etdi. Necə deyərlər, zəif olan döyüşü tez tərk etdi.

Bu da bizim döyüşümüzdür. Bir qadın olaraq hər gün avtobuslarla, sərnişinlərlə apardığımız mübarizədir. O da bizdən biri idi, mübarizə aparmaq üçün avtobusa minmiş, gənc olduğu üçün də yerini daha yaşlı bir xanıma vermişdi, amma səhhəti buna imkan vermədi...

Problem bəllidir, şikayət var, ictimai nəqliyyatdakı problemlər göz qabağında. Bəs, niyə həll olunmur? Niyə hamilə xanımlar, qocalar məhz bu problemlərə görə ictimai nəqliyyatdan istifadə edə bilmirlər?

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bununla bağlı Redaktor.az-a açıqlamasında bildirib ki, problemin səbəbi yollardakı tıxacdır:

““BakuBus” MMC-yə məxsus 7A nömrəli marşrut xəttində 25 avtobus fəaliyyət göstərir. Bu, sərnişin axınına tam uyğun saydır. Sadəcə pik saatlarda yolda tıxac olduğu üçün intervalda gecikmələr olur. Səhər pik saatlarda Ziya Bünyadov prospekti – 20 Yanvar dairəsi istiqamətində, axşam isə 20 Yanvar dairəsi – “Koroğlu” metrostansiyası istiqamətində sıxlıq olur. Avtobuslardakı problem həmin nəqliyyat vasitələrinin keçdiyi ərazilərdəki tıxacla bağlıdır.

Yollarda nəqliyyatın şəraitini yaxşılaşdırmaq üçün BNA tərəfindən tədbirlər görülür. Yol hərəkətinin təşkili, nişanların qoyulmasında müxtəlif tədbirlər həyata keçirilir. Lakin burada hərəkət iştirakçılarının da üzərinə yük düşür. Onlar sıxlığın yaranaması üçün yol-hərəkəti qaydalarına əməl etməlidir. Həmçinin, sərnişinlər ictimai-nəqliyyatdan istifadə etməyə üstünlük versələr, yollarda sıxlıq azalacaq, nəticədə avtobusların rahat hərəkəti üçün imkan yaranacaq”.

REDAKTOR.AZ