Hər il eyni qurumlar büdcədən oğurluq edirsə... - Millət vəkilindən ETİRAZ

 19:45 10.04.2019     868

Hər il eyni qurumlar büdcədən oğurluq edirsə, bunu nöqsan adlandırmaq gülüncdür.

Dünən Milli Məclisdə Hesablama Palatasının hesabatı dinlənilib. Hesabatı palatanın sədri Vüqar Gülməmmədov təqdim edib. Deputatlar isə çatışmazlıqlarla bağlı irad və təkliflərini səsləndirib.  

Məsələ ilə bağlı Redaktor.az-a danışan Fazil Mustafa bildirib ki, prezidentin elan etdiyi islahatlarla bağlı məsələlərə Palatanın hesabatında rast gəlməyib:

“Artıq illərdir ki, dövlət büdcəsindən talançılıq halları sadəcə fakt olaraq qalır. Amma bunun nəticələri, cinayət işi və digər məsələlər öz həllini tapmır. Əslində. acınacaqlı durum budur. Çox istərdik ki, Hesablama Palatasına büdcədən götürülən vəsaitləri müəyyən etmək, büdcəyə dəyən ziyanın hansı istiqamətdən olmasını dəqiqləşdirmək, bu halların qarşısını alan tədbirlər görmək üçün imkanlar yaradılsın. Təəssüf ki, bunu reallıqda tətbiq etmək imkanları çox məhduddur. Hətta təqdim olunan sənədlərdə də ehtiyatlılıq özünü göstərir. Məsələn, büdcədən mənimsəmələrə nöqsan kimi qiymət verilir. Dünən Milli Məclisdəki çıxışımda da bildirdim ki, bu nöqsan deyil, cinayətdir. Nöqsan başqa şeydir. Bilərəkdən hər il eyni qurumlar büdcədən eyni cür oğurluq edirsə, bunu nöqsan adlandırmaq gülüncdür. Digər tərəfdən, nöqsan adlandırılan faktların məhkəmə perspektivi ümumiyyətlə yoxdur. Hansısa məhkəmədə müəyyən bir qurumun bu sahədə fəaliyyəti ilə bağlı iş aparılmır. Prokurorluqda cəmi 2 işə baxılıb, digər işlərə isə inzibati məsuliyyətlə bağlı vaxtı keçdiyi üçün xitam verilib. Bunlar hamısı ciddi məsələlərdir. Bu məsələlər üzərində Hesablama Palatasının imkanları genişlənməlidir ki, büdcənin talan olunmasına, bəzi məmurların büdcə ilə bağlı özbaşınalıqlarına hüquqi qiymət verilsin. Nəticədə kimsə gələcəkdə bu addımları atmağa maraq göstərməsin”.

Saytımıza danışan millət vəkili Tahir Mirkişili Hesablama Palatasının 2018-ci il üçün hesabatının ilk dəfə Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsində müzakirə olunmasını müsbət hal kimi qiymətləndirib:

“Hesabat kifayət qədət ətraflı və innovativ idi. Keçən dövr ərzində palatanın öz peşəkarlıq səviyyəsini artırması ilə bağlı həyata keçirdiyi tədbirlər, yeni İT və səmərəlilik auditinin tətbiqi müsbət hallardandır. Aparılan iqtisadi islahatlar nəticəsində ölkədə şəffaflıq və hesabatlılıq artır, nəzarət mexanizmləri daha da təkmilləşir. Audit nəticəsində büdcəyə bərpa olunan məbləğin artması təqdirəlayiq haldır. Amma bütün bunlarla yanaşı mühasibatlıq uçotu, dövlət satınalmaları sahəsində nöqsanların üstünlük təşkil etməsi narahatedici faktlardandır”.

T.Mirkişili vurğulayıb ki, görülən sərt tədbirlərə baxmayaraq, nöqsanlar hələ də üstünlük təşkil edir:

“Belə halların qarşısının alınması üçün qanunvericilik təkmilləşir. Məsələn, az öncə Dövlət Satınalmaları sahəsində yeni qanun qəbul olundu. Təhlillər göstərir ki, belə nöqsanlarla effektiv mübarizə yolu bu halları yaradan mənbələrlə, qaydalarla mübarizədir. Əminəm ki, qaydalar təkmilləşdikcə və peşəkarlıq səviyyəsi artdıqca gələcəkdə bu cür nöqsanlarla daha az rastlaşacağıq”.

Firuzə Vahid / REDAKTOR.AZ