“Ölüxana”dakı köhnə detallardan istifadə edirlər Sığorta şirkətlərinin FIRILDAĞI

 16:53 10.04.2019     584

Bəzi sığorta şirkətləri təmir zamanı “Ölüxana”dakı köhnə avtomobillərin üstündə olan detallardan istifadə edirlər.

Bir neçə il öncə ölkənin sığorta sektorunda bir neçə şirkətin bağlanması və baş verən bir sıra  dəyişikliklər xidmətin keyfiyyətinin yüksələcəyinə dair böyük ümidlər vəd edirdi.

Lakin hələ də ölkənin sığorta bazarında müştərilərə göstərilən xidmətin səviyyəsində  bir çox problemlər var. Bu problemlərdən ən əsası sığorta şirkətlərinin özbaşınalığı və qanunsuz təkliflərlə  vətəndaşları aldatmasıdır.

Ölkədə sığortalı vətəndaşların daha çox şikayətçi olduqları məsələlərdən biri isə avtomobil sığortası ilə bağlıdır. Azərbaycan qanunvericiliyinə görə, ictimai nəqliyyatda qəza hadisəsi baş verərsə, bunun məsuliyyəti sürücünün üzərində qalır. Bir neçə ölkədə ictimai nəqliyyatda sığorta halları mövcuddur. Lakin Azərbaycanda bu hal müşahidə olunmur.

Sığorta şirkətlərinin avtomobillərin sığortası ilə bağlı yol-nəqliyyatı üzrə ekspert Ərşad Hüseynov bildirib ki, bəzi sığorta şirkətlərinin əsas problemi qiymətləndirmənin düzgün aparılmaması ilə bağlıdır:

“Bu gün sığorta şirkətləri ilə vətəndaşlar arasında fikir ayrılıqları mövcuddur. Xüsusən də hüquqi prosedurlarla bağlı ciddi problemlər yaşanır. Belə ki,  sığorta şirkətləri vətəndaşların hüquqlarını pozur və ya öz xidmətlərinin göstərilməsində nöqsanlara yol verirlər. Aldatma halları bəzən yaşana bilər, amma indiki şəraitdə sığorta şirkətləri ilə vətəndaşlar arasında yaşanan ən böyük problem dəymiş ziyanın qiymətləndirilməsi ilə bağlıdır. Qanuna görə, avtomobillərin icbari sığortası və ya kasko sığortasına dəymiş ziyan mülki dövriyyəyə uyğun şəkildə sığorta təminatı ödənilməlidir. Burada bərpa üsulları isə fərqlidir. Ola bilər ki, avtomobil təmir edilsin və ya sıradan çıxmış avtomobil yeni avtomobillə əvəz edilsin. Bu hallar zamanı qiymətləndirmədə ciddi problemlər yaşanır.

Məhkəmələr də bəzən yanlış mövqe tuturlar

Qanunvericilikdə mövcud olan müəyyən məqamlar var ki, sui-istifadə hallarına səbəb olur.  Məsələn, sürücülük etibarnaməsi olan yanımdakı şəxs hansısa səbəbdən dolayı mənim yerimə avtomobili sürürsə və hansısa qəza hadisəsi baş verirsə, sığorta şirkəti problem yaradır və sürücülük etibarnaməsi olan şəxsin avtomobili sürməsini düzgün addım kimi qiymətləndirmir. Halbuki qanuna görə, sürücülük hüququ olmayan şəxsin avtombil sürməsi doğru deyil. Bu məsələdə bəzən məhkəmələr də yanlış mövqe tuturlar və sığorta şirkətlərini qane edən nəticə çıxarırlar.

“Ölüxana”dakı köhnə avtomobillərin üstündə olan detallardan istifadə edirlər

Digər ciddi problemlərdən biri bəzi sığorta şirkətlərinin təmir ediləcək avtomobili keyfiyyətli materiallarla təmin etməməsidir. Bəzən sürücülər təmin edilən avtomobillərinin ikinci əl, yəni, işlənmiş ehtiyat hissələri hesabına düzəldilməsindən şikayət edirlər. Hansı ki, bu addım qəti şəkildə yolverilməzdir. Qanunvericiliyə görə, avtomobilin öz detalı təmir oluna bilərsə və öz funksional təyinatına uyğun vəziyyətə gətirilə bilərsə, təmir olunmalıdır. Təmiri mümkün deyilsə, yeni detalla əvəz olunmalıdır. Təəssüf ki, bəzi sığorta şirkətləri təmir zamanı “Ölüxana”dakı köhnə avtomobillərin üstündə olan detallardan istifadə edirlər. Bu, ciddi yanlışdır. Sığorta mövzusunda istehlakçı hüquqlarının qorunması,  sığorta xidmətlərinin keyfiyyəti ilə bağlı öz həllini tapmayan problemlər var. Bəzi sığorta şirkətləri öz müştərilərinə qarşı qanedici xidmət göstərmirlər”.

Sığorta şirkətlərinin endirim təkliflərinə gəlincə, ekspert bunları qeyd edib:

“Endirim qanunla qadağandır. İcbari sığortanın avtomobilin mühərrikinin iş həcminə və növünə uyğun dövlət tərəfindən müəyyən edilmiş standart qiyməti var. O qiymətdən aşağı qiymətin təklif olunması icbari sığortalar haqqında qanunla qadağan edilib. Sadəcə bəzi şirkətlərdə fərdi şəxslərin daxili bonus sistemi var. Məsələn, müqavilə bağlananda onun haqqının 1 və ya 5%-i həmin əməkdaşa bonus kimi verilir. Lakin bu endirim təklifinin sosial təminata heç bir aidiyyatı olmamalıdır. Standart müqaviləyə uyğun təminat verilməlidir. Kasko sığortada isə seçim azadlığı var. Məsələn, vətəndaş məhz avtomobilin mühərrikini sığortalaya bilər.  İcbari sığorta ilə bağlı bəzən olub ki, özünü sığorta agenti kimi təqdim edən şəxslər vətəndaşları tək-tək aldadıblar. Bu cür halların qarşısının alınmasına da ehtiyac var.

Sığorta şirkətləri şəhərarası fərdi qəza sığortasında maraqlı deyillər

İctimai nəqliyyatın sığortalanması məsələsi isə genişdir. Çünki bura metro, avtobuslar və s. ictimai nəqliyyat növləri daxildir. Avtobus sahiblərinin hər birinin mülki məsuliyyətinin icbari sığortası var.  Sərnişinlərin fərdi qəza sığortası isə şəhərarası avtobuslara aid olmasa da, şəhərlərarası avtobuslara şamil edilir. Yəni, ölkədaxili işləyən avtobuslara aiddir. Sığorta şirkətləri şəhərarası fərdi qəza sığortasının olmasında maraqlı deyillər. Heç Azərbaycan qanunvericiliyində də bu hal nəzərə alınmayıb”.

Sığorta bazarının mövcud durumu ilə bağlı sığorta mütəxəssisi Nicat Əlibəyli Redaktor.az-a açıqlamasında bildirib ki, vətəndaşların bu sahədə maarrifləndirilməsinə ehtiyac var:

“İndiki şəraitdə sığorta bazarının durumunun o qədər də qənaətbəxş olduğunu demək olmaz.  Mövcud vəziyyətdə diqqət daha çox icbari sığortaya yönəlib. Zaman keçdikcə, icbari sığortada xidmət səviyyəsinin yüksəldilməsi üçün sığorta vasitəçiləri  tərəfindən müəyyən addımlar atılır. Ümumi olaraq, sığorta sahəsində vətəndaşların maarifləndirilməsinə ciddi ehtiyac var.

Təəssüf olsun ki, icbari sığorta daha çox bədbəxt hadisələr baş verəndə yada düşür. Məsələn, “Diqlas” ticarət mərkəzi yananda çox insan sığorta barədə məlumatsız olduğunu qeyd etmişdi. Bu baxımdan sığorta sahəsi barədə vətəndaşların maarrifləndirilməsi üçün ciddi addımlar atılmalıdır”.

Gülşən Şərif / REDAKTOR.AZ