Millət vəkili Elinanın ölümündən danışdı: Günahkarlar cəzalandırılmalıdır...

 21:20 11.04.2019     489

Millət vəkili Qənirə Paşayeva Elinadan üzr istədi.

Redaktor.az bildirir ki, millət vəkili Qənirə Paşayeva 162 nömrəli məktəbdə baş verən intihar hadisəsiylə bağlı fikirlərini bölüşüb. Q.Paşayeva bildirib ki, neçə gündür Elinanın faciəli ölümünün sarsıntısı içindədir:

"Duyğumu, düşüncəmi fikrə çevirmək, onları yazmaq üçün sanki sözlər də yetərli deyil. Amma hamımıza deyiləcək ən təsirli sözü Elina özü intihardan öncə yazıb. Bu, əslində hamımıza qarşı bir uşağın, yeniyetmə bir qızın çağırışıdır, münasibətlər sistemindəki hansısa çatışmazlığın həyəcan siqnalıdır. Bu münasibətlər fərddən-fərdə, ailədaxili, məktəbdaxili, hətta toplumdaxili olsa da, olayın mahiyyəti dəyişmir. Elinanın faciəli addımı özünə ciddi münasibət tələb edir. Bu münasibəti məncə, bütün düşünən vətəndaşlarımız göstərməlidir: dərindən dərin, üfüqdən geniş! Yoxsa… “Yoxsa”sını yazmaq deyil, düşünmək belə ağırdır. "Məni sağ olanda çox istəyərdiniz. Öləndən sonra məni istəməyiniz lazım deyil. Mən sizə lazım deyildim, qəbrimin üstünə gəlməyin”- sözlərini bir uşağa, bir yeniyetməyə yazdıran ağrını hamımız hiss etməliyik”.

Millət vəkili vurğulayıb ki, günahkar axtarmaq, giley etmək asandır:

"Ən dəhşətlisi odur ki, kimsə çıxıb “üzr istəyirəm, mən də filan xətaya yol verdim, Elinanın ruhundan üzr istəyirəm!” demədi. Məncə, üzərində düşünməli olduğumuz əsas məsələlərdən biri məhz budur. Əslində, sevgisizliyin, laqeydliyin, biganəliyin, “mənə nə var?” düşüncəsinin artdığı toplumda hamımız günahkarıq, əzizlərim. Birimiz az, birimiz çox. Elinanın ailəsi də, müqəddəs ocaq dediyimiz məktəb də, məktəbin rəhbəri də, kollektivi də, yoldaşlarına dəstək olmaq istəməyən şagirdlər də, biz ictimai fikri qidalandıran insanlar da. Bir sözlə, hamımız!".

Millət vəkili bu məsələnin çox ciddi araşdırılmalı olduğuna diqqət çəkib:

"İnanıram, Təhsil Nazirliyi və müvafiq qurumlar məsələni lazımi şəkildə araşdıracaq. Elinaya fiziki və mənəvi təzyiq göstərən o manyak ruhlu yeniyetmə kim olub, mütləq tapılmalı, haqq etdiyi qanuni cəzanı almalıdır. Ailənin, Elinanın xalası qızının məktəb rəsmilərinə Elina ilə bağlı müraciəti niyə cavabsız qalıb və ya niyə gərəkli tədbirlər görülməyib? - bu suala cavab tapılmalıdır. Ailə qızın yaşadığı psixoloji sarsıntılar üzündən Elinanın məktəbini dəyişmək istəyəndə, niyə ona “yox” cavabı verilib, mütləq araşdırılmalıdır! Tibb işçilərinin laqeydliyi ile bağlı bütün deyilənlər ciddi araşdırılmalıdır, bu işdə günahkarların hamısı ciddi cəzalarını almalıdır. Məktəb yoldaşlarına qarşı bu qədər duyarsızlıq edən şagirdlərin psixoloji (mənəvi!) durumu ilə bağlı ciddi düşünülməli və “Nə baş verir? Bunun gələcəyi necə ola bilər? Bu vahim durumu dəyişmək üçün haradan başlamalı, nə etməliyik?!” sualları ətrafından düşünüb, təxirəsalınmaz işlərə başlamalıyıq".

Q.Paşayeva ailə məsələsinə də toxunub:

"Elinanın ailəsi də özünü sorğulamalıdır: “Daha nələri edə bilərdik?” Onlar üçün çox ağırdır və bu ağrılarını bölüşürük. Sözsüz ki, günahkarlar birmənalı cəzalanmalıdır, amma hamımız-sahəyə cavabdeh qurumlar, ailələr, cəmiyyət, televiziyalar, mətbuat, sosial media və s. da bu məsələ ətrafında ciddi düşünməliyik.

Elina o məktubu bəlkə də yeni bir Elinanın o ağrıları yaşamaması, çıxış yolu kimi intihara əl ataraq, “Məni sağ olanda istəyərdiniz”, “Məni sağ olanda dinləyərdiniz” yazmaması üçün yazdı. “Qəbrimin üstünə gəlməyin!” yazıb. Bəlkə də, ən azı üzr istəmək cəsarətini özümüzdə tapmağımız üçün bu təsirli sözləri yazıb.

Elina, inanıram ki, günahkarlar mütləq cəzalanacaq və sənin o məktubla bizə verdiyin mesajı hamımız – ailələrimiz, məktəblərimiz, qurumlarımız, uşaqlarımız, gənclərimiz, biz hamımız doğru anlayacaq və dəyişəcəyik. Kaş ki, bunları sən intihar etməzdən öncə edə bilsəydik…

Səndən üzr istəyirık Elina!".

Qeyd edək ki, 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva aprelin 4-də özünü məktəbin 3-cü mərtəbəsindən atıb, iki gün sonra xəstəxanada dünyasını dəyişib.

Firuzə Vahid / REDAKTOR.AZ