Bakıda bu ağacları niyə kəsilir? - S.Məmmədov: "Sübut edə bilərəm"

 16:47 12.04.2019     865

Bakının Binəqədi rayonunda yerləşən Ayna Sultanova parkının arxasındakı ərazidə ağaclar kəsilib.

Bu barədə Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov özünün "Facebook" səhifəsində məlumat paylaşıb. O, ağacların kəsilməsinə səbəb kimi həmin ərazidə iaşə obyektinin salınacağını qeyd edib.

"Bir saata Dövlət Şəhərsalma və Arxitektura Komitəsinın qaynar xətt adlandırdığı telefonla əlaqə yarada bildim. Uzun məsləhətləşmədən sonra bir nəfər telefona yaxınlaşıb dedi ki, bunu Bakı şəhər İcra hakimiyyəti edir və orda hələ çox tikintilər olacaq”.

Sahib Məmmədov Redaktor.az-a açıqlamasında qeyd edib ki, ağac kəsimi məsələsinə müvafiq qurumların susqunluğu qanunsuz əməllərin artmasına şərait yaradır:

“Təəssüf ki, son bir neçə ildə ağac soyqırımı sürətlənib. Hətta həyətlərdə də ağacların kəsilərək yerində qarajların tikilməsi müşahidə olunur. Son zamanlar isə həmin ərazilərdə parklar salınır. Vaxtilə Atatürk parkında tikilən qanunsuz tikililər söküləndə sevinmişdik ki, əhalinin istrahəti üçün yaxşı şərait yaradılacaq. Oradakı tikililərin çoxu yüngül konstruksiya ilə olduğuna görə sökülməsi də yüngül idi. Lakin indi həmin ərazilərdə hündür obyektlər tikirlər və bunun əhalinin istirahəti üçün olduğunu vurğulayırlar. Halbuki Ayna Sultanova heykəlinin arxasında tikilən bina şəhərsalma prinsiplərinə tamamilə ziddir.

Hamımız bilirik ki, həmin tikili iaşə obyekti olacaq və qanunsuzdur. Mən bunu sübut etməyə hazıram. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin susqunluğu isə təəssüf doğurur. Deyirlər ki, bu məsələyə Bakı şəhər İcra Hakimiyyəti baxır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəinki Bakı, rayonlarda belə ağacların kəsilməsinə qarşı ciddi addımlar atmır. Ümumiyyətlə, nazir dəyişikliyindən sonra bu nazirlikdə vəziyyət kəskin pisləşib”.

Probelmlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin(BŞİH) mətbuat xidmətinin rəhbəri  İsrafil Kərimov Redaktor.az-a açıqlamasında bildirib ki, həmin ərazidə başqa dekorativ ağacların əkilməsi nəzərdə tutulur:

“Bakıda qanunsuz ağac kəsilməsi ilə bağlı bu iddialar həqiqəti əks etdirmir. Çünki yaz mövsümi ilə əlaqədar Yaşıllaşdırma İdarəsi tərəfindən ağacların budanması prosesi gedir. Bakıda hansısa ağacın kəsilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi əsasında baş verir. Ayna Sultanova adına parkda yenidənqurma işlərinin aparılması məqsədilə abadlıq-quruculuq işləri həyata keçirilir. Bu baxımdan sözügedən tikili hər hansı obyekt yox, sakinlərin asudə vaxtının təşkili üçün nəzərdə tutulub”.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mövqeyini öyrənməyə çalışsaq da, gün ərzində buna nail ola bilmədik.

Gülşən Şərif / REDAKTOR.AZ